2017-ci ildə Nyu-Yorka getmək arzusunda olanlar üçün (ABŞ gündəliyi #4)

ABŞ səfərimin son dayanacağı Nyu York ştatının eyniadlı şəhəri oldu.

ABŞ səfəri haqda öncəki yazılar:

    


Manhattan

Nyu York təxminən 10 milyon insanın yaşadığı və hər il 50 milyon turistin səfər etdiyi bir şəhərdir. Şəhər 5 hissədən ibarət olsa da əsas görməli yerləri (Empire State Building, Times Square, Central Park və s.) Manhattan bölgəsində yerləşir. Burada şəhərsalma elə səliqəli yerinə yetirilib ki, istədiyin ünvanı dərhal təyin edə bilirsən.

Xəritədən də gördüyünüz kimi, şəhərin bu hissəsi bir-biri ilə kəsişən standart küçə və prospektlərdən ibarətdir. 12 prospekt və 200-dən çox küçə ardıcıllıqla elə düzülüb ki, məsələn, 5-ci prospektin 116-cı küçə ilə kəsişməsinə getmək istəyirsinizsə həmin nöqtənin durduğunuz yerə nəzərən hansı tərəfdə olduğunu rahatlıqla müəyyən edə bilirsiniz.

 

Nyu York metrosu

NyuYork metrosu da bu sistemə uyğunlaşıb, metronun bir çox stansiyalarının adı küçələrin nömrələridir. 35 xəttdən, 500-ə yaxın stansiyadan ibarət olan metroda siz şəhərin hansı hissəsinə gedəcəyinizi təyin edib, həmin istiqamətə gedən metro xəttini müəyyən etməlisiniz, daha sonra isə o xəttlə hərəkət edib, hansı stansiyada (küçədə) düşəcəyinizi müəyyən etməlisiniz.

 

Empire State Building

Nyu Yorka getsəniz Empire State Building’ə mütləq qalxın. O başdöndürən göydələnləri yuxarıdan izləmək üçün bura ən yaxşı məkanlardan biri sayılır. 08:00-da açılır, elə binanın daxilində bilet ala bilirsiniz. İki cür bilet təklif olunur: 86-cı mərtəbəyə (34 dollar) və 102-ci mərtəbəyə (54 dollar). 86 ilə 102 arasında tək fərq şəhərə biraz daha yüksəkdən baxmaq imkanı əldə etməyinizdir.

 

Filmlərdəki şəhər

NyuYorkda gəzərkən insan özünü biraz qəribə hiss edir. Həmişə Hollivud filmlərində gördüyümüz o polislər, taksilər, təcili yardım maşınları, onların özünəməxsus hәrәkәtləri gözünün önündә baş verir. Bәzәn özünü elә filmdә hiss edirsәn.

(P.s. Yazıda gördüyünüz bütün şəkillər mənə aiddir, telefonumla çəkmişəm)

 

 

 

 

Simit Sarayı Nyu York

Nyu-Yorkda naharı ən çox Simit Sarayı’nda etdim. Türklər qida sektorunda öndə olduqlarını hər yerdə göstərirlər. 2 mərtəbəli Simit Sarayı həm dizaynı, həm də xidmət səviyyəsinə görə digər kafelərdən fərqlənirdi. Bakıya qayıdan günü aeroporta gecə getməli idim, ona kimi təxminən 4-5 saatımı burada keçirdim. Telefona enerji yığmağa yardım etdilər, namaz qılmaq üçün yer ayırdılar, uzun müddət oturmağıma baxmayaraq gəlib “nə vaxt durursuz?” sualını vermədilər. Həmçinin digərlərinə nisbətdə daha gec (21:30) bağlanır deyə gec saatlarda oradan keçən müştəriləri cəlb edir.

 

 

Stressiz insanlar

Nyu Yorkda hər millətdən, hər dindən, irqdən insan görə bilərsiniz. Onları birləşdirən isə tək bir cəhət var – daima təbəssüm etmələri. İnsanlar tamamilə stressiz görünürlər (Burada acı bir təcrübəmi paylaşmaq istəyirəm: Təkcə Nyu Yorkda deyil, ABŞ-ın və ya Avropanın istənilən şəhərində insanlar stressiz görünür. Bəzən elə hiss edirsən ki, stresli insanlar yalnız Azərbaycanda yaşayır…)

Şəkildə gördüyünüz, yaşları elə də az olmayan bu cütlük də Central Park’da gəzib, istirahət edənlərdən biridirlər. Üz cizgilərindən əhval-ruhiyyələrini təxmin edə bilirsiniz, əminəm.

 

 

 

Donald Tramp və Nyu York Kitabxanası

Nyu York kitabxanası 53 milyon kitab və aksessuar sayı ilə ABŞ-da ikinci, dünyada 4-cü kitabxanadır. Kitabxanada diqqətimi çəkən əsas şey bu Kitabxana üçün pul yardımı edənlərin adlarının yer aldığı lövhə oldu. Təxminən 100 nəfər/şirkət 1980-1985-ci illərdə 10 000 dollardan başlayaraq (1M+ da var idi) pul yatırıblar. Və siyahıda ABŞ-ın yeni prezidenti Donald Trampın da adı var. Biz “hansısa başıxarab necə o boyda Amerikanın prezident seçildi?” deyirik, amma adam 30 il qabaq ölkəsinin inkşafı üçün pul yatıran 100 addan biri olub.

 

 

Nyu York şəhəri haqda bu qədər. ABŞ səfəri haqda yenə yazılarım olacaq. Ümid edirəm ki, ABŞ-da olmayanlar bu yazıların vasitəsilə bu ölkəyə virtual səyahət edə bilir, hansısa yeni məlumatlar, fərqli baxış bucağı görə bilirlər. Hələ diqqətimi cəlb edən xeyli mövzular var. Zamanla onlar haqqında da fikirlərimi bölüşəcəm.

 

Yazını bəyəndinizsə sosial şəbəkələrdə yazını paylaşmağı unutmayın!

  

 

     

Orxan Rzayev Nyu York bloq yazisi

Nyu York seferi

 


ABŞ səfəri haqda digər yazılar:

    

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev