Azәrbaycan şirkətlərinin Twitter’dә etdiyi 4 sәhv


Birdәn çox sosial media kanalından istifadə ənənəsi ölkəmizdə də formalaşmaqdadır. Artıq bir çox brendlər təkcə Facebookda deyil, digər sosial şəbəkələrdə, həmçinin Twitter’də də təmsil olunmağa başlayıblar.  Son vaxtlar yeni şirkətlәrin Twitter profilini tez-tez görmək olur. Bu, əlbəttə ki, müsbət haldır və brend artıq müştərisi ilə müştərinin istədiyi sosial media kanalında ünsiyyətə keçir, hər müştərinin istəyinə uyğun “məkanlarda” onunla əlaqə qurur.

Lakin müştərini razı salmaq üçün gərək onun olduğu məkanın qaydalarını biləsən, xüsusən əgər bura Twitter’dirsə. Müşahidələrimə əsasən yerli şirkətlərin Twitter’də etdiyi 4 səhvi qeyd edəcəm. Əgər siz də şirkətiniz üçün Twitter profili açmaq istəyirsinizsə bunlara mütləq diqqət edin:

1. Facebook profilini Twitterə qoşmaq
Bu, Twitter’ə yeni gələn və bu sosial şəbəkəyə çox vaxt itirmək istəməyən insanların tapdığı çıxış yoludur. Onlar Facebook profilini Twitter’ə qoşduqda Facebook’da paylaşdıqları bütün məlumatlar həm də Twitter’də paylaşılmış olur. Amma necə?

azerbaycan tvitter istifade

Bu, uşaq oyuncaqları satan yerli bir şirkətin Twitter profilidir. Gördüyünüz kimi, profil Facebook səhifəsinə bağlı olduğundan oradakı hər paylaşım Twitter profilində yayımlanır. Amma bu paylaşımlar yarımçıq cümlə və fb.me/filanfilan olaraq görünür. Burda isə heç bir şey anlaşılmır və “spam” effekti yaradır. Və bu paylaşımların faydası, təbii ki, olmayacaq.

Bu, həm də Twitter istifadəçilərinə hörmətsizlikdir. Yarımçıq cümlə və link yayımlanması bilirsiz nəyə oxşayır: Kimsə sizinlə söhbət edərkən cümlənin ortasında üzünü çevirib gedir – bu ona oxşayır. Çünki siz bununla Twitter’ə önəm vermədiyinizi, burda olmaq xatirinə olduğunuzu göstərmiş olursuz. Yarımçıq, qeyri-müəyyən cümlələr paylaşan, spam effekti yaradan profili isə istifadəçilər nə izləyir, nə də reaksiya verir.

2. Müraciәtlәrә gec cavab vermәk
Bütün sosial media kanallarında operativ olmaq önəmlidir. Twitter’də isə bu, şərtdir. Çünki Twitter’in mahiyyəti qısa, sadə və operativ məlumat mübadiləsindən ibarətdir. Mən şirkәtin Twitter profilinә bu gün ünvanladığım suala sabah cavab alacamsa o profilə bir də müraciət etmərəm.

Bunun gözəl nümunəsini Azercell’in profilində görürük. Fevralın 11’i 23:07’də Azercell’ə sual ünvanlanır. 34 saniyə sonra Azercell sualı cavablayır. Gecə 12’yə işləmiş!

4 dəqiqə sonra istifadəçi Azercell’in sualını cavablayır, 24 saniyə sonra Azercell’dən cavab gəlir:

Bəli, bu, artıq Twitter profilini professional idarəetmədir. Bunu görən hər kəs anlayır ki, Azercell’lə bağlı hər hansı sualı yaransa Twitter’də ünvanlayıb dərhal cavab ala biləcək. Bu da, brendin imici artıran ciddi amildir vә müştәriylә operativ әlaqә qurmağa yardım edir.

3. Standart vә şablon cavablar
Şirkәt olaraq rәsmiliyi qorumaq mütlәqdir. Lakin ucdantutma şablon müraciәtlәr vә şablon cavablar istifadәçini yorur. Çünki bilirsәn, sәnә cavab verәn insandı, öz-özünә deyirsәn ki, bә niyә robot kimi cavab verirsәn?!
Dünya tәcrübəsindә brendlә müştәrinin maraqlı-әylәncәli yazışmalarından ibarәt çox nümunә mövcuddur ki, vaxtilә trendә çevrilib. Xoş haldı ki, bizdә dә belә nümunәlәr var artıq. Әn maraqlılarından biri Nar’ın ona şeir ilә müraciət edәn istifadәçiyә şeirlә cavab vermәsi olub.

Nar Twitter’dә mәhz bu tvitdәn sonra “özünü tutdu”, Twitter istifadәçilәrinin gözündә bu brendin imici azı 2 dәfә artdı. Çünki Twitter mәhz bu tip paylaşımların mәkanıdır: qısa, maraqlı, fәrqli bir fikirlә istifadәçilәrin diqqәtini cәlb etmәk.

4. Hәr suala “Zәhmәt olmasa *000 nömrәsilә әlaqә saxlayın” cavabı
Bәzi brendlәrin Twitter profilinә nә sual ünvanlayırsan ünvanla, cavab olur ki, lütfәn filan nömrәylә әlaqә saxlayın. Burda sadә bir sual verilir: Filan nömrәylә әlaqә ssxlayacaqdımsa bura niyә yazırdım?! Vә ya elәdirsә bu profili niyә istifadә edirsiz?!
Google’da “brendin adı” vә “әlaqә” sözlәrini axtarışa verәndә zatәn 90% halda npmrәni tapmaq olur. Әn pis halda Facabook’da “About” hissәsindә nömrәsi olur. Mәnim Twitter profilinә yazmaqda mәqsәdim zәng etmәdәn mәsәlәni hәll etmәk, mәlumatı dәqiqlәşdirmәkdir. Bu cür standart cavab brendin imicini zәdәlәyir.

Twitter’dә tәmsil olunmaq yaxşıdır, lazımlıdır, amma o profili idarә edәcәk şәxsi seçərkən bu kimi məsələləri nə dərəcədə bildiyini dəqiqləşdirmək, ən azı treyninqә-təlimə göndәrmәk lazımdır ki, bu kimi onlarla amili bilsin vә brendinizin nüfuzunu azaltmağa yox, artırmağa nail olsun.


Maraqlı ola biləcək digər yazılar:

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev