Son bir ildə Azərbaycanda YouTube videolarına 2 milyard baxış olub

Dünyanın ən böyük video-platforması olan YouTube-da 1 milyarddan çox aktiv istifadəçi var ki, bu da dünya üzrə internet istifadəçilərinin 1/3-i deməkdir.

YouTube platformasında 1 milyard baxışa ən tez çatan videolar haqda bir neçə gün öncə yazı yayımlamışdıq. Azərbaycanda yayımlanan hansısa videonun nə vaxt 1 milyard baxışa çatacağı məlum olmasa da, ölkədə YouTube-dan istifadə aktivliyi sürətlə artmaqdadır. YouTube-un verdiyi statistikaya görə son bir ildə (İyul 2016- İyul 2017) Azərbaycanda YouTube videolarına 2.1 milyard baxış olub. 

YouTube-da yaşadığınız ölkədəki trendi izləmək üçün buradan keçid edib, baxmaq mümkündür: YouTube Trending.  Srağagün trendlərə nəzər salanda “Bozbash Pictures”in sonuncu “Avtobus” videosunun bir həftədə 1 milyon baxışa çatdığını gördüm.

grey - Son bir ildə Azərbaycanda YouTube videolarına 2 milyard baxış olub

Bir həftədə 1 milyon baxış! Bu, çox ciddi rəqəmdir. Azərbaycanda hər 4-5 nəfərdən birinin bu videonu izlədiyi deməkdir. Son dövrlərdə digər bir neçə serial və filmlərimizin (həmçinin filmlərin treylerinin) qısa zamanda yarım milyon, 1 milyon baxışa çatdığının şahidi olmuşam (Məsələn, “Axırıncı yol” filmi yanvar ayında 4 günə 1 milyon baxışı keçmişdi).

Bu, YouTube platformasının ölkədə ciddi gücə sahib olduğunun göstəricisidir.

Həmçinin, YouTube kanallarına abunə olmaq mədəniyyəti də ölkədə son illərdə xeyli inkişaf edib. İstifadəçi aktivliyi ilə müqayisədə bu, az olsa da istifadəçilərimiz öncəki illərlə müqayisədə bəyəndikləri videonun kanalına abunə olmağa indi daha meyllidirlər.

Nəzərə alsaq ki, ölkədə YouTube platformasına reklamverənlərin sayı da artmaqdadır, deməli, zaman keçdikcə YouTube reklamlarından pul qazanan kanallarımızın sayı və qazanc məbləği də artacaq. Bu barədə dəqiq statistika əldə etmək çətindir, amma əgər belə bir məlumat əldə etsəm növbəti yazılardan birində bu barədə də ətraflı yazacam.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev