Bakının ən məşhur Uber sürücüləri – TOP 10 SİYAHI

Uberə əyləşdinsə sürücüdən maraqlı bir şey eşidəcəksən. Birini danışım. Şənbə günü Fərrux adlı 60 yaşlarında bir ağsaqqal ilə yol gedirdim. Deyir 6 oğlum, 3 qızım var. Oğlanları hamısı əkiz dünyaya gəlib, qızlar tək-tək. İndi oğlanlarının da (səhv etmərmsə azı 4-nün) övladı oğlandır, onlar da əkiz, qızlarının isə övladı qızdır və tək dünyaya gəliblər :D

Uber’in mədəniyyətli, alicənab sürücülərinin arasına bəzən “o level’də olmayan” sürücülər də qarışır. Onu da sürücünün Uber proqramnındakı reytinqindən bilmək olur. Gedişiniz bitdikdən sonra sürücünü 1-5 bal aralığında qiymətləndirə bilirsiniz. O reytinq əksər hallarda elə sürücünün səviyyəsi ilə düz mütənasib olur. İstisnalar da var, məsələn bir sürücü danışmışdı, ortayaşlı qadın minib maşına, telefonda əsəbi şəkildə danışırmış, çatanda qapını çırpıb gedib. Sonradan bilib ki, reytinqdə də 1 ulduz verib. Sürücü deyir, halbuki mən yazığın heç bir günahı yox idi, kimə əsəbiləşmişdisə əsəbini məndən çıxdı ))

Ümumi götürdükdə reytinq balı sürücü haqda təsəvvür yarada bilir. İndiyədək gördüyüm reytinq balları 4.70 ilə 4.90 arasında dəyişib adətən. Xüsusən ilk 100-200 gedişdə reytinqi 4.90 və daha yuxarı balda saxlamaq olur, amma gedişlər artdıqca o bal yavaş-yavaş düşür.  Təsəvvür edin 100 sərnişindən 97-si 5 bal versin, 3-ü 1 bal versin, reytinqiniz 4.88 olacaq.

İndi isə maraqlı bir fakt deyim: Bakıda 4 min, 5 min, 6 min gediş edən Uber sürücüləri var ki, reytinqləri 4.90-dan yuxarıdır. Təsəvvür edin, adamlar necə ideal xidmət göstərir ki, o qədər gedişin fonunda reytinqlərini belə saxlaya bilirlər.

Qərara gəldim ki, bu sürücüləri ictimaiyyətə tanıdaq. Necə deyərlər, xalq öz qəhrəmanlarını tanısın :) Bununla bağlı Uber Bakı ofisi Orkhanrza.com’la eksklüziv məlumatlar bölüşüb. Həmin məlumatları diqqətinizə çatdırırıq:

Bakıda ən yüksək reytinqə sahib TOP 10 Uber sürücüsü (Son yenilənmə: Oktyabr, 2017):

  1. İrana – 4.97 (4554 gediş)
  2. Nurlan – 4.95 (5562 gediş)
  3. Rəfail – 4.95 (3242 gediş)
  4. Vidadi – 4.94 (5408 gediş)
  5. Vaqif – 4.93 (3915 gediş)
  6. Rəhim – 4.93 (3743 gediş)
  7. Elşən – 4.93 (3427 gediş)
  8. Azər – 4.93 (3216 gediş)
  9. Kamran – 4.92 (4215 gediş)
  10. Xəyal – 4.91 (6727 gediş)

P.s. Siyahıda 3000+ gediş etmış sürücülər yer alıb.

Bakıda ən çox gediş etmiş TOP 10 Uber sürücüsü (Son yenilənmə: Oktyabr, 2017):

  1. Ramil – 8651
  2. Pərviz – 7681
  3. Faiq – 6811
  4. Xəyal – 6715
  5. Bəxtiyar – 6552
  6. Elnur – 6537
  7. Vüqar – 6532
  8. Elçin – 6520
  9. Rüfət – 6396
  10. Vüqar – 5910

Bəzi Uber sürücüləri var ki, onları ayrıca qeyd etmək istəyirəm:

  1. Pərviz (Ən çox gediş edən 2-ci sürücü). Pərvizlə azı 50 dəfə səfər eləmişəm son iki ildə. Yeni Günəşlidə (bizim binadan 3-4 dəqiqəlik məsafədə) qalır, çox mədəni insandır. Həmçinin avtomobili əla idarə edir. 3-4 gün öncə gecikirdim, sifariş etdim, Pərviz çıxdı, normalda 25 dəqiqəyə getdiyim yolu 17 dəqiqədə apardı, özü də yol hərəkəti qaydalarına tam riayət etməklə :D
  2. Rasim. Pərvizin qonşusu Rasim də eyni keyifiyyətlərə malik insandır. Onunla da tez-tez səfər edirik.
  3. Əyyub bəy. Köhnə “sistem işçisi” olan Əyyub bəy olduqca pozitiv insandır. Son bir ayda 3 dəfə onunla səfər etmişəm. Texnologiyanı gənclər qədər yaxşı bilmir deyə ilk günlərdə Uber tətbiqindən istifadədə çətinlik yaşayırdı. 3cü görüşümüzdə deyir, nə rahat imiş bu :)

Həmçinin Mehman bəyi, Nəbi bəyi, Eyvaz bəyi, Müşviq bəyi qeyd etmək istəyirəm. Belə sürücülər çox olduqca səfər boyu adamın əhvalı da yüksək olur, kefi yoxdursa kefi açılır, maraqlı həmsöhbət tapmış olursan.

Deyim ki, Uber də fərqlənən sürücüləri diqqətdə saxlayır. Məsələn, ötən ay ən yaxşı sürücülərlə görüş keçirib, hədiyyələr təqdim ediblər. Sürücülərə belə dəyər verilməsi alqışlanmalıdır.

P.s. Biz sürücülərin yaxşı olmasını istəyirik, eyni qaydada sürücülər də sərnişinin yaxşı olmasını arzulayır. Çünki mədəniyyətsiz, etikası olmayan və ya yuxarıda dediyim kimi, əsəbini sürücüyə tökən şərnişinləri bir dəfə, iki dəfə yola vermək olar. Dəfələrlə belə şərnişinlərlə yol getmək üçün böyük səbr yiyəsi olmaq lazımdır. Həmişə sürücülərə deyirəm ki, Allah səbr versin, işiniz çətindir :)

Növbəti günlərdə Uber sürücülərinə xoş getmək üçün sərnişinlərin nə etməli olduqları barədə də yazı yazmaq fikrim var :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev