Bazarstore’un vurduğu “qol”a Bravo demək lazım!

Gənclik Mall’ın açılmasıyla birgə fəaliyyətə başlayan Bravo Supermarket ilk gündən “41 manatlıq turp”la gündəmə gəlməyi bacardı. Doğrudur, bu məsələyə hərə bir cür rəy bildirdi, amma fakt odur ki, bir neçə gün “Bravo Market” və “Turp” ifadələri sosial medianın ən çox müzakirə olunan mövzusuna çevrildi. Buna görə “turp” ideyasını verən şəxsi alqışlamaq lazımdır.

image

Aprelin 26’sı isə Bazarstore əməkdaşının öz profilində paylaşdığı bir şəkil “41 manat” söhbətini kölgədə qoydu. Bazarstore Bravo’nu “öz silahı ilə vurdu”. Bravo marketin seçdiyi, digər marketlərdəki qiymətlə öz qiymətini müqayisə metodu bu dəfə Bravo’nun özünə yönəlmişdi. Və “41 manatdan” çox gözəl istifadə olunmuşdu.

image

Bazarstore bu addımla gözəl bir “qol” vurdu. Niyə? Çünki, sosial mediada “Bravo-Turp” trendi bir anda “Bazarstore-Bravo-Turp” trendinə çevrildi. İkincisi, Bravo “41 manatlıq turp” anlayışı gətirmişdi ki, Bazarstore bu mövzudan yola çıxdı və turpun ənənəvi qiymətini önə çəkməklə ətrafına “dəstəkçilər topladı”. Üçüncüsü, uzun müddət idi ki, ölkədə belə bir “atışma” yox idi deyə bu poster diqqəti dərhal cəlb edə bildi.

Doğrudur bu poster photoshop’da hazırlanıb, real olaraq metroda belə bir reklam yoxdur. Photoshop olsa belə, ideya Bazarstore’u burada qalib etdi. Çünki bu paylaşımın məqsədi sosial mediada gündəmə düşmək idi və buna da nail olundu. Yəni metroda həqiqətən olub olmaması çox da rol oynamadı. Təbii ki, həqiqətdə olsaydı, nəticə daha yaxşı və daha effektiv olardı. Amma ehtimal ki, bu hal problem yarada bilərmiş deyə photoshopla kifayətləniblər. Posteri paylaşan Bazarstore əməkdaşı hətta photoshop olan posteri artıq statusundan silib.

Dünyada isə brendlər arasında bu cür “deyişmələr”, “atışmalar” adi haldır. Bir çox hallarda bir brendin digərinə verdiyi cavab rəsmi olaraq yayımlanmır, amma internet üzərindən milyonlarla insana qısa zamanda çatır. BMW və Audi, Apple və Samsung, Chrome və Microsoft və bu kimi onlarla brendin məşhur “atışmaları” mövcuddur. Bunlar arasında ən maraqlılarından biri Mercedes’in kreativ “xoruz reklamı”na Jaguar’ın cavabıdır.  Əslində Mercedes’in reklam çarxı kifayət qədər maraqlıdır burada səhv tutmaq demək olar ki, mümkün deyil. Amma Jaguar məsələyə başqa bir aspektdən yanaşıb və ortaya ən az “xoruz” reklamı qədər kreativ və maraqlı video-çarx çıxarıb.

Bu yazını yazmaqda məqsədim həm də Bravo və Bazarstore’un bu ideyaları ortaya atan əməkdşalarına dəstək olmaqdır. Yazıdan da hiss etdiniz ki, təkcə Bazarstore’u yox, Bravo’nu da kreativ addımına görə təqdir etdim. Amma təəssüf ki, bizim insanlarımızın çoxu tərif etmək, dəstək olmaq əvəzinə adətən tənqid etməyi, lağa qoymağı üstün tuturlar. Bazarstore’un o posterini görən kimi həvəslə ətrafımdakılara göstərdim, amma əksəriyyəti, “mmm…”, “belə də…”, “o qədər də maraqlı deyil..” kimi rəylər verdilər. Təəssüf etdim düzü… Ola bilər, hər kəs mənim qədər gözəl “qol” hesab etmir bunu, amma hardansa başlamaq, nələrsə etmək lazımdır ki, daha keyfiyyətli işlər ortaya çıxsın.

Mənə görə isə Bazarstore’un vurduğu bu “qol” isə “İlin ən yaxşı qolu” seçilə bilər :)


Sözügedən Mercedes-BenzJaguar “deyişməsi”:

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev