Birləşmiş Ərəb Əmirliyinə səyahətimiz barədə – I yazı

Birləşmiş Ərəb Əmirliyinə səyahətimiz barədə – I yazı

Həyat yoldaşımın doğum gününü bu dəfə fərqli şəkildə qeyd etmək istəyim Dubaya bir həftəlik səyahətə səbəb oldu. Yadınızdadırsa iyun ayında Dohada olarkən isti məni elə hala salmışdı ki, “Ərəb ölkələrinə gəlmööön” demişdim :)

Amma indi havanın 25-30 dərəcə arasında dəyişməsi istirahət üçün tam əlverişli şərait yaradırdı. Ona görə də çantamızı yığıb, yola düşdük Birləşmiş Ərəb Əmirliklərinə. Bəzi dostların “uşaqla getməyin, istərahətiniz rahat keçməyəcək” deməklərinə baxmayaraq, Zəhramı da özümüzlə apardıq və zaman göstərdi ki, Zəhra düşünüdüyümüz kimi, ağıllı və səbrlə bizimlə bizimlə birgə hərəkət etdi, istirahətimizə heç bir problem yaratmadı.

 

Şərqlə Qərbin vəhdəti

Bakını “Şərqlə Qərbin vəhdəti” adlandırırıq. BƏƏ’də olarkən bu ifadənin həm də Dubaya uyğun gəldiyini deyə bilərəm. Ərəblərə xas geyimdə hərəkət edən insanların Avropa, Amerika istehsalı olan avtomobillə hərəkət etməsi,  milli ərəb yeməklərinin yanında “KFC”, “Burger King” kimi şəbəkələrin xidmət göstərməsi, oteldə Şərq üslubunda olan elementlərlə Qərb stilinin vəhdəti, bir məkanda ərəb musiqisini eşitdiyin anda digər tərəfdə Rihannanın, Şakiranın son klipini eşitməyin, nəqliyyatda, Mall’larda ən son texnologiyaların tətbiqi və s. mənzərə ilə insan özünü eyni anda həm Qərbdə, həm Şərqdə hiss edə bilir.

 

Bir neçə ilə inanılmaz dəyişən şəhər

Yəqin ki, çoxlarınız sosial şəbəkələrdə Dubayın 10-15 il öncəki görüntüsü ilə indiki görüntüsünün qarşılaşdırıldığı şəkilləri görmüsünüz.

 

Dubay həqiqətən fantastik şəkildə sürətli qurulub. Göydələnlərini, alış-veriş, əyləncə mərkəzlərini bir kənara qoyaq, təkcə metrosu qısa zamanda böyük yol qət edib. Bugünlərdə 50 illiyini qeyd etdiyimiz Bakı Metrosunda bir stansiyanı 2-3 ilə təhvil verə biliriksə, 2009-cu ilin sentyabrında istifadəyə verilən Dubay metrosunda hazırda 49 stansiya fəaliyyət göstərir. Əsasən yerüstü (bəzi stansiyalar yeraltıdır) fəaliyyət göstərən metroda pilləkənlər, eskalatorlar və liftlər var.

Ümumiyyətlə Dubayın demək olar, istənilən məkanında (alış-veriş, əyləncə mərkəzi, restoran, metro və s.) lift mövcuddur. Ona görə də şəhərdə uşaq arabası və ya fiziki məhdudiyyətli şəxslərin istifadə etdiyi araba ilə hərəkət çox rahatdır və istədiyiniz yerə gedə bilirsiniz.

Metrodan istifadə ilə yanaşı siz həm də taksi və ya ictimai nəqliyyatla hərəkət etməli olursunuz. Saat 18:00-22:00 radələrində uzun tıxaca düşmək ehtimalınız var. Ölkənin ən böyük nəqliyyat yolu olan “Sheikh Zayed Road” bu saatlarda tıxac olur. Bu yol nə az nə çox 558 km uzunluğundadır. Cənubda yerləşən “Abu Dhabi” Əmirliyi ilə şimaldakı “Ras al-Khaimah” Əmirliyini birləşdirir.

Qiymətlər Bakı ilə müqayisədə kifayət qədər bahadır. Bakıda 5 manata yediyin burgeri burada 15-35 manata, Bakıda 2-3 manata aldığın meyvəni burada 7-10 manata ala bilirsən, Bakıda taksi ılə 5 manata gedəcəyin yerə Dubayda 25-35 manata gedə bilirsən.

 

 

Level43 Sky Lounge

Olduğumuz yerlər arasında ən bəyəndiklərimizdən biri “Level43 Sky Lounge” oldu. 155 metr yüksəklikdə, 43 mərtəbəli binanın damında qurulan bu məkandən şəhərə möhtəşəm mənzərə açılır. Bu mənzərəni seyr etməklə şam etmək çox maraqlı idi.

 

Zabeel Park

Şəhərin səs-küyündən ayrılıb, təbiət qoynunda istirahət etmək istəyirsinizsə “Zabeel Park”ı mütləq görün. Manqalda kabab çəkən kim, top oyanayan kim, ad günü qeyd edən kim, müxtəlif əyləncəli yarışlar keçirən kim… Beyin tam olaraq istirahət edir.

 

Bir ilə yaxındır BƏƏ’də çalışan dostumuz Rüfət Babakişiyevlə görüşmək də xoş oldu.

Dünyanın ən hündür binası “Burj Khalifa”, ən böyük alış-veriş mərkəzi “Dubai Mall”, “Global Village”, əsrarəngiz Oman turu və digər maraqlı məqamlar haqda yaxın günlərdə video-bloqlar yayımlayacağıq.

 

Səyahət haqda digər bloq yazılarımı buradan oxuyun!

    

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev