Bloq yazmaqla pul qazanmaq doğrudurmu?

Az öncə İlkin bəyin “Bloq yazın” adlı yeni yazısını oxudum. Yazıda bloq yazmaq haqqında xeyli maraqlı, faydalı və motivasiya edən fikirlər qeyd edilib. Təxminən eyni məzmunlu yazını bir neçə ay öncə bloqumda yazmışdım və orada da bloq yazmağın faydalarından bəhs etmişdim (Azərbaycanda bloq yazmaq – dəlinin divarla danışması kimidirmi?).

İki yazıda bir-birinə uyğun olmayan yalnız bir mövzu var ki, bu da bloqerlik fəaliyyətindən pul qazanmaqla bağlıdır. İlkin bəy yazıda qeyd edir: “Mən hesab edirəm ki, əgər bloqerlik fəaliyyətinə pul qazanmaq yeri kimi, yəni professional formada yanaşsaq bloq öz bloqluğundan çıxır. Niyə mən belə düşünürəm? Ona görə ki, biz bu bloqda tam qərəzsiz çıxış edirik, xoşumuza gələnləri tərifləyirik, səhv hesab etdiklərimizi tənqid edirik. Biz bura qazanc yeri kimi baxsaq… deməli tərəfsiz ola bilməyəcəyik;” 

Bloq fəaliyyətilə pul qazanan insan tərəfsiz ola bilmir? Xoşuna gələni tərifləyib, səhv hesab etdiyini tənqid edə bilmir? Mən bu fikirlə qətiyyən razı deyiləm.

Real nümunə olaraq öz bloquma baxaq:

  • brendin özünün xəbəri olmadan, maraqlı hesab etdiyim müxtəlif mövzularda brendi tərifləyən yazılar yazıram,
  • brend sahibinin (dost-tanışın) xahişi ilə hansısa məhsulu/xidməti haqda yazılar yazıram,
  • ödənişli şərtlərlə yazılar yazıram.

İndi gəlin bloqumda yazdığım yazılara baxaq, indiyədək kimsə Orkhanrza.com’da səmimiyyətsiz, süni, qərəzli yazı görübmü? Demirəm ki, yazdıqlarım hər kəs tərəfindən 100% qəbul olunur, hər kəs mənimlə eyni fikirdədir. Əlbəttə ən səmimi yazımı belə, qeyri-səmimi qəbul edən oxucular da var çox güman ki. Amma istisnaları kənara qoysaq, bloqda olan istənilən yazıdan oxucular ən azı 1-2 maraqlı fakt, maraqlı fikir öyrənirlər. Mənim də məqsədim budur.

Dünən paylaşdığım yazı da elə burda yerinə düşdü. “Marketinqdə bir daşla iki quş vurmaq (Arabam.az nümunəsi)” adlı yazıda Arabam.az saytının atdığı addım xoşuma gəldiyindən bu haqda fikirlərimi bölüşdüm. Yazını paylaşdıqdan sonra yaxın dostumuz İlham Məmmədli şərh hissəsində təşəkkür edəndə bildim ki, sayt onundur (və ya onun tanışınındır, dəqiq bilmirəm).

Bu yazı maraqsız idi? Mən şəxsən bu mövzunu təlim və seminar dərslərimə əlavə etdim. Növbəti seminarlarda bunu maraqlı keys olaraq bölüşəcəm. Əminəm ki, bir çox insana da bu addım maraqlı gəlib.

İndi bu yazını İlham məndən xahiş etsəydi və ya buna görə ödəniş etsəydi o zaman yazı fərqli təsirmi edəcəkdi oxuculara? Yazıda danışılan, vurğulanan fakt təsir gücünü itirəcəkdimi? Bloqer doğru hesab etdiyi, faydalı hesab etdiyi mövzularda yazırsa bunu öz istəyilə etdi, ya xahişlə etdi, ya ödəniş alaraq etdi, oxucuya fərqi olurmu?

İlkin bəyin vurğulamaq istədiyi, çox güman, odur ki, bloqer pul alaraq bəyənmədiyi məhsulu tərifləyə bilər, qərəzli fikir bildirə bilər. Bəli, bu cür bloqerlər var, hər zaman da olacaq. Təkcə bizdəmi belədir? Xeyr, bütün dünyada bu cür bloqerlər var, hər zaman da olacaq. O zaman brendlər bloqerlərlə əməkdaşlığı kəsməlidirlərmi? Əlbəttə ki, yox. Hansı bloqer pul üçün öz mənliyini, adını, imicini satırsa bu onun seçimidir. O tip bloqerlərə görə “bloqer brendlə əməkdaşlıq edərkən qərəzli olacaq” deməyə haqqımız çatırmı? Xeyr!

Bu gün dünyada “Content marketing” trend halına gəlib və bloqerlik fəaliyyəti burada önəmli rola malikdir. Mən bazara yeni məhsul çıxarıram və istəyirəm ki, bu sahədə mütəxəssis olan, bu sahədə bloqerlik fəaliyyəti olan insanlar mənim məhsulum haqda fikir bildirsinlər. Burada qəbahət bir şey varmı? Mən şəxsən görmürəm, əksinə çox məntiqli hesab edirəm. Bu sahənin mütəxəssisi məhsulu test edib, bəyənərsə və bu haqda fikir bildirərsə, mənim məhsulum üçün bundan daha yaxşı reklam ola bilərmi?!

Bütün dünyada bu mövzu qəbul edilib və müzakirə belə, edilmir. Bloqerlik fəaliyyətilə ilinə yüzminlər, milyonlar qazanan, hörmət edilən, nüfuzlu bloqerlər saysız-hesabsızdır.

Burada yalnızca bir şeyə diqqət etmək lazımdır ki, insan fəaliyyəti zamanı şərəfini, ləyaqətini itirməməlidir, dürüst, vicdanlı olmalıdır. Bu, bloqerə də aiddir, müəllimə də, həkimə də, digərlərinə də.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev