BOMBA Sosial Media Mükafatı – Kimlər necə seçildi?

grey - BOMBA Sosial Media Mükafatı - Kimlər necə seçildi?

Zövq oxşayan bir gecə oldu! Yazını bu cümlə ilə başlamağım əbəs yerə deyil. Çünki son vaxtlar belə maraqlı formatda tədbirdə olmamışdım.

BOMBA Sosial Media Mükafatı nədir?

Bir müddət öncə sosial şəbəkələrdə elan olunan, ötən ilin ən maraqlı, ən aktiv, fərqlənmiş sosial media istifadəçilərini və qurumlarını mükafatlandırmaq üçün Beat Group Azər Türk Bank‘ın və Courir Baku, 1news.az, Stamperia Print‘in dəstəyilə “BOMBA” Sosial Media Mükafatını təsis etdilər.

 

Qaliblər necə seçildi?

Qaliblərin seçimində iştirak edən, “Bomba Akademiya”sının 11 jürisindən biri olduğuma görə qaliblərin necə seçildiyini izah edim:

Yanvarın 10-u Bomba’nın Facebook səhifəsində online sorğu paylaşıldı və istifadəçilərdən “2016-cı ildə sosial medianı partladanlar kimlərdir?” deyə soruşuldu. Sorğunun nəticələri təşkilatçılar tərəfindən toplanıldı, ən çox təklif edilən səslər təhlil olundu və hansılar nominant olmağa layiqdirsə, onlar nominant olaraq siyahıya alındı və sosial şəbəkələrdə nominantlar açıqlandı.

Fevralın 2-si nominantlar jürilərə göndərildi və nominantların hər birinə 0-5 arası bal verilməsi istənildi. Yəni, məsələn mən bir nominasiyada X userə 2 bal verdim, Y userə 4 bal verdim, Z userə 1 bal verdim. Və jürilərin səsi avtomatik olaraq hesablanıb, qaliblərin adı bəlli oldu.

Burada bir mövzuya xüsusi diqqət ayırmağınızı istəyirəm. Yuxarıda yazdıqlarımdan aydın olduğu kimi, jürilər nominantları seçməyib, istifadəçilər tərəfindən seçilmiş nominantlar arasından hansının qələbəyə daha layiq olduğunu seçib. Jüri olduğumu biləndən sonra bəzi dostlar deyir ki, filankəs orda niyə yoxdu, filəankəsi niyə nominant seçmisiz? Əziz dostlar, nominantları online sorğu vasitəsilə istifadəçilər seçib. Biz artıq seçilmiş olan nominantlara baxıb, qələbəyə layiqlilik səviyyəsinə görə bal vermişik.

 

QALİBLƏR

İlin MEM sahibi – OFFSİDE səhifəsi

İlin tviti – NAR

İlin bloqeri – Azər Qərib

İlin video bloqqeri – Taleh Yüzbəyov

İlin Twitter istifadəçisi – Emin Əfəndi

İlin korporativ Facebook səhifəsi – ASAN

İlin Facebook səhifəsi – İkibaşlı Show

İlin Facebook istifadəçisi – Davud Məmmədov

İlin ən aktiv ictimai fiquru – Tural Yusifov

İlin ən aktiv dövlət qurumu – Müdafiə Nazirliyi

İlin ən aktiv idmançısı – Rafael Ağayev

İlin Youtube videosu – “Oğlan evi” filmi

Sosial mediada ən aktiv müsiqiçi – Faiq Ağayev

İlin korporativ Instagram səhifəsi – Chelebi

İlin Instagram şəkli – Orxan Aslanov

İlin Instagram istifadəçisi – Hüseyn Əzizoğlu

 

 

“BOMBA” gecə

11 fevral 2017’ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “BOMBA” Sosial Media Mükafatının qaliblərinin təltifetmə mərasimi keçirildi. Yazının başlığında da qeyd etdiyim kimi, çox maraqlı tədbir oldu. Buna əsas səbəb aparıcıların İlkin HəsəniDJ Fateh olması və xüsusən hər iki aparıcının tam formada olması idi :) Çünki tədbir boyu həddən çox zarafatlar, atmacalar etdilər və hamısı da yerində! Vaqifin dili ilə desək:


Tədbirə maraq qatan digər amillər:

  • Tədbirin məkanı Opera və Balet Teatrı. İşıqlandırma, səsləndirmə, temperatur və s. ideal idi.
    P.s. Günün birinci yarısı başqa bir teatr salonunda (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) “SAT Forum 2017” keçirildi və orada da yuxarıda qeyd etdiyim nüanslar yerində idi. Demək ki, böyük auditoriyalı tədbirləri bu kimi məkanlarda etmək daha rahat və keyfiyyətli olurmuş. Bunu davam etdirmək lazımdır.
  • Tədbirə müğənnilərin ifası ilə fasilələr verilməsi. Xüsusən Raufun səhnə performansı əla idi, hər zamankı kimi. Sonuncu dəfə Raufu ötən yay Bakcell Arena‘da, IB Club‘un “Gənclər Festivalı“nda izləmişdim, orada müğənnilər stadionda oxuyurdular. Rauf super performans sərgiləmişdi.
  • Tədbirin təşkilatçılıq səviyyəsi. Teatrın foyesində görüşdüyüm dostlarımın əksəriyyətindən eşitdiyim cümlə bu oldu: “Bu səviyyədə gözləmirdik”. Bəli, tədbir doğurdan da yüksək səviyyədə təşkil olunmuşdu – girişə qırmızı xalça sərilməsi, qonaqlar içəri daxil olarkən fotoqrafın onları qırmızı xalça üzərində şəklini çəkməsi və s. kimi bir çox xırda detallar var idi ki, bu detallar birləşib keyfiyyətli nəticə ortaya çıxarmışdı.  Xüsusən, Xətai Əli‘ni alqışlamaq lazımdır. Həm bu bir neçə ayda təşklatçılıq zamanı, həm də Təltifetmə mərasimi zamanı ən çox hərəkət edən, ən çox əziyyət çəkən o oldu (mən elə gördüm ən azı). Xətai ilə onlarla digər dostların da layihəyə əmək sərf etdiyi hamıya bəllidir.

 

Qaliblərə münasibətim

Nominantlar sosial şəbəkədə elan olunan andan “əə bu nədi?!”, “oydaa bunları kim seçib?!”, “əşşi özlərininkinə verəcəklər” kimi statuslar yazılmağa başladı. Bəli, nominantları görəndə mənim də təəccübləndiyim adlar oldu, amma o şikayətlərin əksəriyyəti emosional idi və sadəcə olaraq, “mən bu adamı izləmirəmsə demək ki, burda olmamalı idi” tərzində reaksiyalar idi.

Qaliblərin 90%-i mənim seçdiyim nominantlar oldu, başqa sözlə desək, sevindim ki, digər jürilərlə həmfikir olmuşam. Amma bunu da qeyd edim ki, nominantlar arasında bir neçə yaxın dostum var idi, amma onların bəzilərinə az bal verdim. Çünki dostluqda mənə yaxın olsalar da, qalibiyyətə yaxın görmədim onları. Ümumiyyətlə bütün səsvermədə mümkün qədər ədalətli olmağa çalışdım.

Təəccübləndiyim qələbə Chelebi‘nin qələbəsi oldu. “İlin Korporativ Instagram səhifəsi” nominasiyasına seçilməyini bəlkə də hardasa anlamaq olar (şirkətin əməkdaşları, alıcıları səsvermədə aktiv iştirak edib, brendin adını önə çıxara biliblər). Amma jürilərin niyə onu seçməsini anlamadım, çünki səsvermədən öncə Chelebi’nin Instagram hesabına baxdım və orada qeyri-adi, fərqli heç nə görə bilmədim. Amma neyləyək, çoxluğun seçimi nəticədir.

Mənə qəribə gələn növbəti məqam İlkin Həsəni‘nin mükafat almaması oldu. Facebook, TwitterInstragram‘ın hər üçündən istifadə edən dostlar təsdiqləyər ki, ötən il adını çəkdiyim 3 sosial şəbəkənin hamısında aktiv olan yeganə tanımış sima İlkin Həsəni oldu. 2 nominasiyada yer almışdı, amma heç birində seçilmədi.

Layihə ilə bağlı digər bir irad online sorğunun qısa müddətdə keçirilməsi ilə bağlı ola bilər ki, yanvarın 10-u yox, məsələn, dekabrın 10-u paylaşılsaydı daha çox insanın xəbəri olardı, nominantlar haırkından daha uyğun seçilərdi, amma təşkilatçılar özləri də etiraf edir ki, zaman azlığı var idi, mümkün qədər ədalətli və şəffaf keçirilməyə çalışıldı.

 

Nəzər alsaq ki, ilk belə layihədir, məncə kifayət qədər uğurlu saymaq olar. Növbəti ildə bundan daha professional keçiriləcəyinə şübhə etmirəm.

Qalibləri təbrik edirik! :)



Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev