Brayan Treysi və Bakı səfəri haqda 3 məqam

grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam

 

Oktyabrın 31-i Bakıda Brayan Treysinin seminarı baş tutdu. Seminarda iştirak etdim və həmin günlə bağlı bir neçə fikir bilirmək istəyirəm.

 

1. Brayan Treysi kimdir?

Brayan Treysi (əsl adı: Brian Tracy) dünyaca tanınmış motivator, şəxsi inkişaf, satış təlimçisidir. “Brian Tracy International” şirkətinin təsisçisi və direktorudur. 1944-cü ildə Kanadada anadan olub. Gənc yaşında Afrikaya etdiyi səfəri olduqca maraqlıdır. 1987-ci ildəki bir çıxışında bu səfəri haqda danışır. Aşağıda həmin videodur, yazını oxuyub bitirdikdən sonra izləməyinizi məsləhət görürəm:

 

Brayan Treysi indiyədək 70 ölkədə 5 milyondan çox insana seminar,  1000-dən çox şirkətə konsultasiya keçib. Hər il seminarlarında iştirak edənlərin sayı ortalama 250 min olur. Treysinin kitabları 28 dilə tərcümə olunub və dünyanın yüzdən çox ölkəsində satışdadır.

Treysi seminarlarında nədən danışır: Şəxsi inkişaf, Satış, Liderlik, Biznesin inkişafı, Vaxtın idarə olunması, Natiqlik və s. Bu təlimlərə niyə ildə 250 min insan qatılır? Çünki adam gənc yaşlarda müxtəlif şirkətlərdə çalışıb və şirkətdə kiçik bir vəzifədən çox böyük vəzifələrə qədər irəliləyə bilib, yəni sırf şəxsi təcrübə əsasında inkişaf edib. Bunun məntiqi davamı olaraq milyard dollarlıq korporasiyalara stratejik planlaşdırma və idarəetmə istiqamətində konsultasiyalar verib, 300 milyon dollar bazar dəyəri olan konsaltinq firmasının Əməliyyatlar üzrə rəhbəri olub. Bir insanın mindən çox şirkətə konsultasiya verməsi (onların problemlərinin təhlili, idarəetmə vəziyyəti, çıxış yollarının təhlili) təbii ki, insana çox zəngin təcrübə və məlumatlar qazandırır.

 

Bakı səfəri

Brayan Treysi Bakıya ikinci dəfə idi ki, səfər edirdi. İlk səfəri 2013-cü ildə olmuşdu. Bu dəfə isə Azersun Holdinqin təşkilatçılığı ilə Bakıda növbəti seminar baş tutdu. Tədbirdə iştirak edənlərin böyük əksəriyyəti, mən də daxil olmaqla, Treysinin Azərbaycan şəraitində biznesi necə inkişaf etdirmək lazım olduğundan danışacağını gözləyirdi, amma elə olmadı. Doğrudur, çıxışının əvvəllərində Treysi Azərbaycan iqtisadi, idarəetmə və s. sahədə problemlərin olduğundan xəbərdar olduğunu bildirdi, amma etiraf etmək lazımdır ki, çıxışında bunu demək olar, nəzərə almadı.

Bununla belə, Treysinin Bakıdakı seminarı haqda fikrimi soruşsanız, deyim ki, təəsüratım əla oldu. Düşünün, Ronaldo “Qarabağ” klubunun dəvətilə Bakıya gəlir və Olimpiya Stadionunda rəmzi bir oyuna çıxır. O oyunda qola vurmasa belə, Ronaldonun Bakıya səfəri özü bir hadisədir. Treysidə də eynilə. Adam sırf Azərbaycannın biznes mühitinin problemləri və həlli yolları haqda konkret danışmasa da, ümumilikdə çıxışı yüksək səviyyədə idi.

Treysinin seminarında niyə iştirak etdim, çünki motivasiya, şəxsi inkişaf təlimçisi olaraq dünyada ən çox bəyəndiyim iki şəxs var – Brayan Treysi və Toni Robbins. Və bu iki şəxsdən birinin Bakıya səfərini təbii ki, qaçırmaq istəməzdim.

 

Tədbirin faydası

Treysinin çıxışında əslində qeyri-adi məlumatlar, fantastik bilgilər yox idi. Özü də bunu qeyd edirdi. Amma nəzərə alsaq ki, adam bu dediklərini yüzlərlə dəfə özü tətbiq edib, özü test edib, o zaman danışdıqlarının dəyəri aydın olur. Məsələn, onun çıxışından iki maraqlı məqamı mən qeyd etdim və növbəti iş günündən artıq onu işdə tətbiq etməyə başlamışam.

Treysinin verdiyi faydadan əlavə tədbir həm də digər tərəfdən faydalı oldu. Tədbir zamanı 10-a yaxın “ayaqüstü” görüşüm oldu və onlardan bir neçəsi ciddi iş əlaqələrinin yaranmasına səbəb oldu. Bu tip tədbirlərin də əsas faydalarından biri məhz odur, sizin bu tədbirdən qazanacağınız təkcə spikerin çıxışı yox, həm də “networking” olur.

 

Bakıya gələn Brayan Treysi olmasın, bir başqası olsun, əsas odur ki, bu kimi tədbirlərin, görüşlərin ölkənin biznes mühitinin inkişafına müsbət təsiri olsun, ən azı bu tədbirlərdən çıxan insanlar növbəti gündən etibarən öz fəaliyyətlərində bir addım da olsa, irəli gedə bilsinlər.

Bir neçə ay öncə Coşqun Kərimov “KVAN” kitabını yazarkən kitaba ilk rəy verən şəxs məhz Brayan Treysi olmuşdu. Tədbirin sonunda kitabı ona təqdim etmək və selfi çəkdirmək də imkanımız da oldu :)

 

Treysi ilə selfie’miz hətta ATV telekanalına da çıxdı :)

grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam

 

 

grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam  grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam

grey - Brayan Treysi və Bakı səfəri haqda 3 məqam

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev