Dünyanın milyarderlәr siyahısındakı azərbaycanlılar
StartapTexnologiya

Business lnsider’in milyarderlәr siyahısında niyə cəmi 2 azərbaycanlı var?


Hazırda dünyada 2 188 milyarder var. Çinin “Hurun” tәşkilatının ənənəvi araşdırması nəticəsində bəlli olub ki, sərvəti 50 milyardı keçən milyarderlərin sayı 5 nəfər, 10 milyardı keçənlərin sayı isə 111’dir.

Siyahıda 2 azərbaycanlı var, lakin siyahıda Azərbaycan yoxdur. 1.3 milyard dollarlıq sərvətilə Araz Ağalarov siyahıda Rusiyanı, 1.2 milyard dollarlıq sərvətilə Mübariz Mənsimov isə Türkiyəni təmsil edir. Bəs niyə siyahıda Azərbaycanı təmsil edən heç kim yoxdur? Biznesin inkişafında mövcud olan maneələr, bürokratik əngəllər, biznes ənənələrinin, ümumən ölkənin gənc olması, ölkədə olan iqtisadi durum və s. kimi amillər çox ciddi rol oynayır. Amma düşünürəm ki, bu amillər qədər ciddi rol oynayan başqa amillər də var.

Azərbaycanın milyarderlər siyahısına düşməməsinə nə təsir edir?

1. Tәvazökarlıq. Təvazökar millət olduğumuz hər kəsə bəllidir. İtalyanlar salat kəşf edəndə adını “Sezar” qoyur, biz isə “Çoban”. Bu təvazökarlığımız yuxarıda qeyd etdiyim mövzuya da təsir edib əlbəttə. Oliqarxlarımız tәvazökarlıqdan öz sərvətlərini elan etmirlər deyə “Hurun” təşkilatı onların varlığından xəbərsizdir.

2. Yeni olan startap mühiti. Siyahıda olan milyarderlərin arasında biz artıq bank sahibləri, neft milayrderləri, pərakəndə sektor nəhəngləri ilə yanaşı startapçıları görürük. 25-30 yaşlarında “uşaq-muşaq” kompüter oyunu, mobil tətbiq, “uçan, qaçan” cihazlarıyla cəmi 5-6 ilə milyarderlər siyahısında yer almağa başlayırlar. Bu, əslində gələcəyin bir mənzərəsidir. Gələcəyin güclü dövlətlərini, güclü insanlarını müəyyən edən səbəblər neft-qaz yox, online xidmətlər, mesajlaşma tətbiqləri, 3D printerlər və bu kimi “ağıllı” məhsullar olacaq. Startap mühiti ölkəmizdə yeni və çox zəifdir. Həddən artıq problemlər, maneələr, çatışmazlıqlar var. Amma güclü olmaq üçün bu trendə qoşulmalıyıq. Mən heç də yaponların, ingilislərin, almanların başının bizim insanların başından daha yaxşı işlədiyinə inanmıram. Şərait, mühit, imkanlar, , təcrübə, sistemlilik və s. kimi amillər bu gün onları irəli aparır.

3. “Ənәnәlәrimiz”. Bizdә bir çox valideynlәr övladlarını ali mәktәbi bitirәnә kimi işlәmәyә, hansısa biznes ideyasınının arxasınca getmәyә qoymurlar ki, bәs dәrsini kim oxuyacaq?! Bununla da 12-13 yaşından öz gәlәcәyini qurmalı olan, öz arzularının ardınca getmәli olan gәnc 22-23 yaşına kimi ev-dәrs-ev-dәrs olaraq hәyatını keçirir. Vә 22 yaşında “diplomunu götür, get iş axtar” mərhələsi gəlir ki, bu insanların da milyarderlər siyahısına düşmə şansı çox azdır. Milyarderlər siyahısında 25 yaşlı Evan Spiegel və 26 yaşlı Bobby Murphy var. Hər biri 1,8 milyard dollara sahibdir. Buna necə nail olublar, bilirsiniz? “Snapchat” video-mesajlaşma tətbiqi ilə! Bizim valideynlərin övladlarını “a bala qoy o telefonu əlindən yerə!” deyə, danladıqları vaxt bu iki gənc ideyalarını üzərində çalışıblar və yaratdıqları bu mobil tətbiq cəmi 4 ilə onları milyarder edib.

4. “Qadın işləməz! “Hurun” təşkilatının açıqladığı siyahıda 313 qadın milyarder var. O siyahıda azərbaycanlının olma şansı isə ümumiyyətlə yoxdur. Çünki Azərbaycanda “qadın işləməz”! Yaxın bir dostum var, uzun illərdir ki, xanımının kafe tipli yer açıb, orada özünəməxsus hazırladğı şirniyyatları satmaq arzusu var. Dostum isə deyir ki, mən qazanıb, bütün ehtiyacını qarşılayıram, sən evdə otur, uşaqlara bax. Əksər azərbaycanlı kişisinin düşüncəsi budur ki, qadın işləmək istəyirsə pula ehtiyacı var. Onu qarşılayıramsa demək, işləməyinə ehtiyac yoxdur. Amma o qadının arzularının, xəyallarının oluğunu düşünmürlər. Bəlkə də o insanın başladacağı işin gələcəkdə dünyaca məşhur bir brend olacağı ehtimalını ağıllarından belə, keçirmirlər.

Əlbəttə ki, yuxarıda qeyd etdiyim amillər hamısı bir-birilə zəncirvari bağlıdır və burada qeyd etdiyim qrupların heç biri tam günahkar deyil. Valideyn övladına bütün gününü telefon və kompüterlə keçirməyinə icazə versə onlar da dərhal Snapchat’a rəqibmi yaradacaq? Əksəriyyəti gününü oyun oynamaqla və ya mesajlaşmaqla keçirəcək. Çünki maarifləndirmə zəifdir, startap mühiti yenidir, hansı potensialının olduğu hələ cəmiyyətimizə tam aydın deyil, biznes qurmaqla bağlı bürokratik əngəllərin olması buna ciddi maneədir.
Amma pessimist olmaq lazım deyil. Son 2-3 ildə müxtəlif qurumlar tərəfindən, həmçinin bir neçə ali məktəblərimizdə inkubasiya, kovörkinq mərkəzləri istifadəyə verilib, tələbələrin ideyalarını, startap layihələrini inkişaf etdirmək üçün şərait yaradılmağa başlanılıb. Böyük şirkətlərimiz startap tədbirlərinin keçirilməsinə, yerli startapçıların dünyaya çıxmasına yardım etməyə başlayıb. Amma məncə bu, hələ çox azdır, hazırda görülən işlərin 10-20 qatı görülməlidir ki, dünyanın inkişaf tempinə az da olsa ayaq uyduraq. Və “Hurun” agentliyinin hesabatında “Azerbaijan” sözünü axtaranda nəticələr çıxsın.


2016-cı ilin milyarderlər siyahısı – Yükləyin!

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev