“Digital Summit” tәdbiri vә “Kanzaslı oğlanlar” (ABŞ gündәliyi #3)

ABŞ sәfәrim Texas ştatının Dallas şәhәri ilә davam etdi.

 


ABŞ səfəri haqda digər yazılar:

    

 

 

İndoneziyalı olasan, mәşhur olasan vә bu qәdәr sadә olasan…

Dallasa keçmәmişdәn öncә, San Fransiskoda olarkәn yaranmış bir problemi hәll edәn insan haqda danışmaq istәyirәm. Bu, Asiyanın әn mәşhur biznesmenlәrindәn biri Wempy Dyoco Koto‘dur. Ötәn il İsveçrәdә “Seedstars” yarışmasında olarkәn tanış olmuşduq, hәmin tәdbirdә mentor idi.

San Fransiskoda olarkәn bir mәsәlәdә yardıma ehtiyacım oldu, Wempy’yә yazdım Facebookda. Adam dәrhal cavab yazdı, mәsәlәni soruşdu vә bir dostuna yönlәndirdi. Bunu bilirsiz hansı şәraitdә edib? Aeroportda tәyyarәyә minmәk üzrә imiş, Londona gedirmiş, mәn yazmışam deyә ayaq saxlayıb, mәni dostuna yönlәndirib, dostu ilә mәnim әlaqә yaratdığımı bildikdәn sonra minib tәyyarәyә. Wempy kimi bir şәxsin adama belә diqqәt ayırması çox xoş olur әlbәttә. Mәşhurlaşarkәn sadәliyini itimәyәnlәr silsilәsindәn :)

Digital Summit Dallas

San Fransiskodan Dallasa gәldim. Dekabrın 6’sı Irving Convention Center’dә “Digital Summit” başladı. Tәdbirdә öyrәndiklәrim haqda ayrıca bloq yazısı yazacam. Bu yazıda isә tәdbirdә gördüyüm maraqlı mәqamlar haqda yazmaq istәyirәm.

Google, Pinterest, Cisco, AT&T, Salesforse kimi onlarla qlobal şirkәtlәrin aparıcı nümayәndәlәri tәdbirdә spiker idi. Tәdbir yarım günlük workshop’la başladı. 4 mövzu seçimi var idi, mәn “Content Marketing” mövusunu seçdim. Çox maraqlı mәlumatlar bölüşüldü. O haqda ayrıca yazacam.

Ondan sonra tәdbir başladı. Açılış çıxışını mәşhur biznesmen, marketoloq Seth Godin etdi. Fürsәt tapıb, selfie dә çәkdirdim :)

Tәdbir eyni vaxtda 5 zalda keçirilirdi. Proqrama baxırdın, 5 zaldakı mövzulardan әn maraqlısı sәninçün hansıdırsa orada iştirak edirdin. Belәliklә hәr kәsin 55 mövzudan 11’ni dinlәmәk imkanı oldu.

Mәnim dinlәdiyim mövzular әsasәn SEO, Content Marketing, Influencer Marketing, Facebook Ads vә Programmatic Advertising’lә bağlı oldu.

Tәdbirdә diqqәtimi çәkәn ilk şey iştirakçıların yaşı oldu. 50-60 yaşlarında insanlarla tez-tez rastlaşırdım. İştirakçıların, bәlkә dә, 50%’ә yaxını 40 yaş vә daha çox yaşda olanlar idi. Dijital marketinqә maraq ABŞ’da bütün yaş qruplarında eyni idi.

Tәdbirin әsas sponsorlarından (IBM, Oracle, Marketo) әlavә 30’a yaxın müxtәlif startaplar da sponsor idi vә tәdbir olan mәkanda onların hәr birinә yer ayrılmışdı. Tәdbir boyu hәr startapın iki vә ya üç әmәkdaşı stendinin yanında durub, yaxınlaşan iştirakçılara mәlumat verirdi. Bu, 2 gün әrzindә sәhәrdәn axşama kimi davam edirdi. Yәni, zallarda spikerlәr çıxış edirsә hamı zala doluşsun mәntiqi yox idi (Әksәr ABŞ/Avropa tәdbirlәrindә olduğu kimi). Kim istәyirdi çıxışı dinlәyirdi, kim istәyirdi stendlәrә yaxınlaşırdı, kim istәyirdi Starbucks’ın stolundan özünә kofe hazırlayırdı. Yәni format çox rahat idi. Digәr tәrәfdәn dә, adamlar deyir, 495 dolları ödәmisәn artıq, istiyirsәn heç birinә qulaq asma :D

Tәdbirin mobil tәtbiqi var idi, iştirakçılar qeydiyyatdan keçmәklә hәm spikerlәrә (hәmçinin istәnilәn iştirakçıya) sәs verә bilirdi, hәm dә bir-biri ilә mesajlaşa vә görüş tәyin edә bilirdi. Hәmçinin tәdbirin proqramı, spikerlәr haqda mәlumatlar vә s. yer alırdı.

2 gün davam edәn tәdbir çox faydalı oldu. Hәm yeni biliklәrin öyrәnilmәsi, hәm dә yeni әlaqәlәrin qurulması baxımından. Tәdbirdә hәm Mediamark, hәm dә Keepface üçün faydalı ola bilәcәk görüşlәr oldu. Әgәr bu görüşlәrin doğurdan da faydası olacaqsa yaxın aylarda sәs-sorağı gәlәcәk  ;)

“Kanzaslı oğlanlar”

Keçәk “Kanzaslı oğlanlar”a. Demәk Fuad vә Sәbuhi adında iki igid, mәnim ABŞ’a gәlәcәyimi bildikdәn dәrhal sonra işlәrini elә planlaşdırırlar ki, mәn Dallasa çatan günü Kanzas’dan avtomobillә yola çıxırlar, tәxminәn 1000 km sürüb, gecә Dallasa çatırlar.

Onların bu gәlişi mәni olduqca tәsirlәndirdi. Birincisi, ömrümdә bir dәfә gördüyüm Fuad vә heç görmәdiyim Sәbuhi bir neçә saat mәnimlә vaxt keçirmәk üçün 24 saat әrzindә 2 000 km maşın sürdülәr (Dallasa vә geri). İkincisi, mәn indiyәdәk bütün Avropa (vә Türkiyә) sәfәrlәrimi Vaqiflә etmişdim. İlk dәfә idi ki, tәk sәfәr edirdim, bu baxımdan Denverdә Fәrhadın mәni qarşılaması, Dallasda isә Fuad vә Sәbuhi ilә birgә vaxt keçirmәk inanılmaz xoş oldu :)


Dallas sәfәrim olduqca mәşğul vә dinamik keçdi. Ordan isә Nyu Yorka uçdum vә növbәti iki günü orda keçirdim. Bu haqda isә 4’cü ABŞ gündәliyi’ndә oxuya bilәcәksiniz.

(Empire State Building’in 102’ci mәrtәbәsindәn Nyu York belә görsәnir :) )

 


ABŞ səfəri haqda digər yazılar:

    

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev