“Dünyanın ən varlı insanı” adını qazanan Jeff Bezosun uğur sirri

Ötən gün sosial medianın gündəminə çevrilən mövzulardan biri "Dünyanın ən varlı insanı" ilə bağlı idi. Dünən Amazon.com'un səhmlərinin qiymətinin artması ilə şirkətin qurucusu və direktoru Jeff Bezos sərvətini təxminən 2 milyard dollar artıraraq 91 milyard dollarla Bill Qeytsi keçərək, "dünyanın ən varlı insanı" adına sahib oldu. Doğrudur, bu liderlik uzun çəkmədi, çünki bir neçə saat sonra Amazon'un səhm qiymətində azalma baş verdiyindən Bezos yenidən ikinci sıraya endi. Amma bir neçə saatlıq da olsa o, bu adı qazanmış oldu və beləliklə, dünyanın diqqət mərkəzinə düşdü.

53 yaşlı amerikalı biznesmen Jeff Bezos 23 il öncə, 30 yaşında ikən Amazon.com – onlayn kitab satışı platformasını yaradıb. Hazırda isə Amazon'da ağlınıza gələcək hər şey satılır və bu platformda dünyanın ən böyük alış-veriş platformasıdır.

 

 

Mənə görə, Bezosun uğurlu olmasının səbəbləri aşağıdakılardır:

  1. ABŞ-da yaşaması/fəaliyyət göstərməsi. Startap mövzusu ilə maraqlanan dostlar bilir ki, texnologiya ilə bağlı uğur qazanan startapların böyük əksəriyyəti ABŞ-dan çıxır. Amerikanın startap mühiti dünyada ən yüksək səviyyədədir və eyni ideyanın Belçikada yox, Nigeriyada yox, Sinqapurda yox, məhz ABŞ-da "partlatması" ehtimalı hər zaman daha çoxdur.
  2. Şəxsi keyfiyyətləri. Bezos təhsilini yüksək nəticələrlə bitirib. Əvvəlcə "İstedadlı Uşaqlar" liseyini uğurla bitirib. Daha sonra "Princeton" Universitetini də qrup birincisi olaraq bitirib. Həmçinin Florida Universitetində "Student Science Training" proqramına qoşulub və proqramda ikinci yer tutaraq "Silver Knight Award" mükfatına layiq görülüb. Ümumiyyətlə təhsili boyu daima yüksək nəticələr əldə edib.
  3. Dəyişikliyə uyğunlaşmaq. Bezosun internet üzərindən kitab satmaq üçün yaratdığı platformada hazırda hər şey satılır. İllər öncə insanların mobil cihazlara daha çox maraq göstərdiyini hiss edən Bezos kitabları mobil cihazlarda oxumaq üçün "Kindle" yaratdı və hazırda "Kindle" Amazon'da ən çox satılan məhsullar sırasındadır. Bir neçə il öncə Amazon dron trendinə uyğunlaşaraq "dron'la çatdırma" xidmətini elan etdi. Hazırda Amazon'un bazalarında 10 mindən çox "Kiva" adlı dron olduğu bildirilir. Bu kimi trendləri yaxından izləməsi Bezosun zamanı qabaqlaya bilməsinə gətirib çıxarır və o, yeni trendləri xeyli öncədən Amazon'da tətbiq etməyə başlayır.
  4. Müştəri məmnuniyyətinə önəm vermək. Amazon haqda interetdə nəsə oxusanız çox güman ki, əsas mövzulardan biri şirkətin müştəri məmnuniyyəti haqda olacaq. Dünyada nümunə kimi göstərilən bu xidmət keyfiyyəti Amazon'a milyonlarla loyal müştərilər qazandırır.
  5. Amazon'un startapları alması. Amazon.com saytının ən aşağı hissəsinə diqqət yetirsəniz orada onlarla şirkət adı görəcəksiniz. Onların arasında "Imdb" (dünyanın ən böyük onlayn film bazası), "Alexa" (vebsayt və mobil tətbiqlərin statistikasını və analizini həyata keçirən məşhur platforma), "Goodreads" (kitabla bağlı dünyanən ən məşhur platformalarından biri), "Souq.com" (Ərəb dünyanın ən böyük alış-veriş platforması) və s. var. Siyahıda gördükləriniz hamısı Amazon tərəfindən alınıb. Bezos kitab, audio, video və bu kimi sahələrdə sürətlə böyüyən və ya böyümə potensialı olan startapları alır. Bu da həm Amazon'un dəyərini artırır, həm də bu platformaların gələcəkdə Amazon'a rəqib olmasının qarşısını alır.

 

Bu siyahıdakılar və burada qeyd edilməyən onlarla səbəb var ki,  Bezosun yarım trilyon dollarlıq şirkətə necə sahib olmasını anlamağımıza kömək edir.  Bir çox mütəxəssislər hətta Amazon'un Trilyon dollara çatacaq ilk şirkət olacağını  proqnoz edirlər. 53 yaşlı Bezosun işinə yanaşması və şirkətin inkişaf tempi bu proqnozun reallaşa biləcəyini göstərir.

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev