Facebook dostlarınızı səhifə bəyənməyə dəvət etməyin!

grey - Facebook dostlarınızı səhifə bəyənməyə dəvət etməyin!

Facebook’da dostlarının sayı 3 və ya 4 rəqəmli olan insanlar, çox güman ki, gündə azı bir dəfə hansısa səhifəni bəyənməsi üçün təklif alırlar. Həmçinin, kimlərsə sizi mütəmadi olaraq hansısa qrupa əlavə edir. Bu, sizə xoşdurmu? Əminəm ki, əksər hallarda yox.

Təsəvvür edin, hansısa müğənninin və ya qadın paltarları mağazasının və ya mühasibatlıq kursunun Facebook səhifəsini bəyənmənizi istəyirlər, halbuki sənin o səhifələrə marağın qətiyyən yoxdur. Bu, bir dəfə, iki dəfə olanda insana elə də təsir eləmir, amma dediyim kimi, hər gün olanda, xüsusən gündə dəvət sayı 10-u keçəndə artıq sənə xoş olmur. Daha pisi, oturduğun yerdə kimsə səni “Kardioloqların Söhbəti” qrupuna əlavə edir. Nə əlaqə? Mənim o qrupda nə işim var? Və mütəmadi olaraq o cür qruplardan bildirişlər gəlməyə başlayır. Bunu edənlər qarşısındakı insanı adətən narahat etmiş olur.

 

Facebook’da hansı hallarda səhifəni bəyənməyə dəvət etmək (qrupa əlavə etmək) uyğundur:

  1. Öz biznesinin səhifəsini özünə yaxın hesab etdiyin insalara (qohumlara, bir yerdə çörək yediyin dostlara) göndərə bilərsən (qrupa əlavə edə bilərsən). Bəzən olur, hansısa mənə maraqlı olmayan səhifə dəvəti gəlir, dəvət edəni tanımıram, sadəcə Facebookda dostuq. Baxıram, hansısa şirkətin rəhbəridir və ya ciddi bir vəzifədə çalışan adamdır. Bu insan niyə mənə maraqlı olmayan bir səhifəni bəyənmək üçün dəvət göndərir? Adətən bu durumda həmin adamın imici aşağı düşür. Loru dildə desək, ucuz hərəkət etmiş olur.
  2. O səhifənin dəvət göndərəcəyin insana maraqlı olacağını hiss edirsənsə göndərə bilərsən (qrupa əlavə edə bilərsən). Məsələn, mən “Social Media Facts & Figures” adında səhifəni bəyənməyə dəvət edilsəm, səhifəyə daxil olub baxacam, 90% ehtimalla da (məlumatlar faydalı və yenidirsə) səhifəni bəyənəcəm. Amma mən “ABCDE Müsahibatlıq Kursları” səhifəsini bəyənməyə dəvət olunsam, bu, lazımsız bir bildiriş olaraq vaxtımı alacaq və diqqətimi yayındıracaq. Bir istinsa, “Mühasibatlıq Kursları” səhifəsini bəyənməyə məni, məsələn, Hafiz Mehdiyev dəvət etsə, bəyənəcəm. Çünki Hafizlə mənim münasibətim elədir ki, əgər o göndəribsə mütləq qarşılıq verəcəm. Ola bilər yaxın dostunun səhifəsidir, dəstək vermək istəyir və ya başqa bir səbəbdir.

 

Dostlar, səhifə bəyənmək üçün kiməsə dəvət göndərəndə əgər məqsədiniz səhifənin bəyənmə sayını artırmaqdırsa bunu ETMƏYİN! Əgər siz 500 Facebook dostunuza bəyənmək dəvəti göndərsəniz səhifənizi bəyənənlərin sayı 30-100 arası olacaq. Və bunun üçün siz 500 nəfəri narahat etmiş olacaqsınız. Facebookda reklam yerləşdirməklə 100 bəyənmə toplamaq üçün 10 dollar xərcləyəcəksiniz. 10 dollara görə imicinizi aşağı salmayın!

Yox əgər kiməsə dəvət göndərəndə məqsədiniz ona faydalı səhifə tövsiyə etməkdirsə bunu edin, amma burada da yenə həmin insanla olan məsafənizi nəzərə alın.

Yenə qeyd edirəm, siz minlərlə insanı narahat edib toplayacağınız “like” sayını Facebook reklamına 10-15 dollar xərcləməklə əldə edə bilirsinizsə, minlərlə insanı narahat etməyin, bununla həm özünüzün, həm də şirkətinizin, brendinizin imicini aşağı salmış olursunuz.

 

Mövzunu “İki Başlı” Show’un “Vəhşi Liker” videosu ilə bitirmək istəyirəm :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev