Facebook istifadəçi sayı 2 milyarda çatdı – Yenilənmiş Statistika və Faktlar

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook istifadəçi sayını artırmaqda davam edir. Zükerberqin 27 iyun tarixində Facebook profilində açıqladığı məlumatda Facebook-da aylıq aktiv istifadəçi sayının 2 milyarda çatdığı qeyd olunub.

 

2012-ci ilin oktyabrında 1 milyard istifadəçiyə çatan Facebook 5 ildən qısa zamanda auditoriyasını 2 dəfə artıra bilib. Facebook bu aktivlik sayəsində ötən il 27 milyard dollar reklam gəliri əldə edib.

 

Hazırda Facebook rəqiblərini xeyli qabaqlayır. Facebook-dan sonra ikinci ən böyük auditoriya YouTube platformasına məxsusdur. Burada aylıq 1.5 milyard istifadəçi aktiv olur. Populyar platformalardan Twitter isə 328 milyonluq auditoriyası ilə aktiv olmağa davam edir. Son statistikaya görə Tumblr 550 milyon, Snapchat 300 milyon, Pinterest 150 milyon istifadəçiyə malikdir.

Facebook-a aid olan digər platformalarda – WhatsappMessenger-də aylıq istifadəçi sayı 1.2 milyard, Instagram-da isə 700 milyondur.

 

Azərbaycanda Facebook istifadəçilərinin sayında isə ciddi dəyişiklik yoxdur. Hazırda Facebook Reklam Paneli Azərbaycanda reklam göstərməsi mümkün olan auditoriya olaraq 1,74 milyon istifadəçi göstərir. Bunlardan 1,2 milyonu kişi, 540 mini qadındır. 

13-25 yaşlarında olan istifadəçi sayı 700 min, 26-35 yaşlarında 540 min, 36-45 yaşlarında 250 min, 46 və daha yuxarı yaş kateqoriyasında istifadəçi sayı 190 min nəfərdir.

 

Ölkəmizdə ən böyük auditoriyası olan sosial şəbəkə isə Instagram olmaqda davam edir. Facebook Reklam Panelinin göstəricilərinə əsasən hazırda ölkədə aktiv istifadəçi sayı 1,79 milyondur.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev