Facebook’da video paylaşarkən bu 5 fakta diqqət edin!

Hazırda sosial şəbəkələrdə ən çox maraq yaradan məzmun video-məzmundur. Hesablamalar göstərir ki, video-paylaşımlar daha çox insana çatır, daha çox reaksiya toplayır. Sosial media analizi üzrə ixtisaslaşmış məşhur platforma Buzzsumo Facebook-da paylaşılan 100 milyon videonu təhlil edərək maraqlı nəticələr əldə edib. Bu haqda məqaləni görən kimi, düşündüm ki, bunu oxucularımızla mütləq bölüşmək lazımdır.

Ölkəmizdə ən məşhur sosial media platforması olan Facebook-da uğurlu paylaşımlar etmək, hədəf auditoriyanın diqqətini cəlb etmək, daha çox reaksiya toplamaq hazırda sosial media agentliklərimizin və sosial media menecerlərinin çatmaq istədiyi əsas hədəflərdən biridir. Mediamark Agentliyi olaraq sosial media xidməti göstərdiyimiz onlarla şirkətin sosial media hesablarını analiz etdikdə aydın olur ki, hazırda daha çox insana çatan, daha çox reaksiya toplayan məzmun məhz videodur. Dünya praktikasında da oxşar göstəricilərdir.

 

Facebook’da edilən paylaşımlarin səhifənin izləyicilərinə çatma faizi

100 milyon videonun təhlili maraqlı nəticələr ortaya çıxarıb. 2017-ci ilin aprel ayında Facebook’da edilən paylaşımlar arasında istifadəçilərə daha çox çatan məzmun video olub, səhifəni izləyənlərin 12.05%-nə çatıb. Foto-paylaşımlar səhifə izləyicilərinin 11.63%-nə, linklər 7.81%-nə, sadə mətn paylaşımları isə 4.56%-nə çatıb. Həmçinin video-paylaşımlar ən çox reaksiya (engagement) toplayan məzmun növü olub.

 

 

Ən çox reaksiya toplayan video kateqoriyaları

Ən çox maraq doğuran videolar qida ilə bağlı videolar olub. Bu kateqoriya digərlərindən 2 dəfəyədək çox reaksiya toplayıb. Növbəti yerlərdə moda və gözəllik, heyvanlar, “özün hazırla” (DIY), gülməli/əyləncəli paylaşımlar, oyun, texnologiya və s. olub.

 

Facebook’da paylaşılan videoların uzunluğuna görə ortalama reaksiya nisbəti

Paylaşılan videoların uğurlu nəticə almasının əsas göstəricilərindən biri də onun davam etmə müddətidir. Təhlil edilən videoların statistikası göstərib ki, video üçün ən uğurlu uzunluq 30 saniyədən 2 dəqiqəyədək avideolardır. Videonun uzunluğu 30 saniyədənn az olduqda və ya 2 dəqiqədən çox olduqda reaksiya nisbəti azalmağa doğru gedir.

 

Facebook Live

Amma söhbət Facebookda Canlı Yayım (Live) funksiyasından gedirsə bu zaman qısa videolar uğursuz olacaq. Statistikaya görə Facebook’da Canlı Yayıma qoşulursunuzsa bu yayım azı 15 dəqiqə davam etməlidir. Çünki 15’ci dəqiqəyədək reaksiyaların sayı artan tempdə davam edir. Bundan sonra isə reaksiyaların sayında stabilləşmə olduğu görünür.

 

Videolara gələn reaksiyalar

Facebookda paylaşılan videolara ən çox gələn reaksiya gülmək (Haha) reaksiyasıdır. Bu da çox güman ki, onunla əlaqədardır ki, sosial mediada daha çox gülməli, əyləncəli videolar viral olur, buna görə də bu tip videolara daha çox gülmək reaksiyası gəlir. İkinci yerdə isə ürək (Love) reaksiyasıdır.

 

 

Yuxarıdakı məlumatları ümumiləşdirsək, çalışmaq lazımdır ki, Facebook-da paylaşılan videoların uzunluğu 30 saniyədən 2 dəqiqəyədək olsun. Əgər Facebook Live edəcəksinizsə bu zaman azı 15 dəqiqə davam etsin. Orkhanrza.com-da yayımlanan video-bloqları izləyənlər bilir ki, bir neçə ay öncə “55 saniyə” rubrikasına start vermişik. Bu rubrikada paylaşılan videoların uzunluğu 55 saniyədir. Bu da ona görədir ki, zaman keçdikcə istifadəçilər sürətli, qısa videoları izləməyi üstün tuturlar. Yuxarıdakı statistik göstəricilər də bunu sübut edir.

İstənilən halda sosial şəbəkələrdə video-məzmunun sayını artırmağa, mümkün qədər qısa və maraqlı, diqqəti cəlb edəcək şəkildə hazırlamağa çalışın və hazırladığınız videolara reklam büdcəsi ayırıb, reklam kampaniyaları yaradın ki, videonu daha çox insan görsün, gördüyünüz iş hədər getməsin.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev