Kartda pul ola-ola Facebook reklam borcunu niyə ödəyə bilmirəm?

 

Yeni iş həftəsində müxtəlif dostlardan mesaj və zəng aldım ki, bunların əksəriyyətində bu suallar var idi:

  • “Kartımda yetərincə pul ola-ola Facebook reklam borcunu niyə ödəyə bilmədim?”,
  • “Facebook-a borcum $200 olduğu halda kartımdan $236 dollar niyə çıxdı?”.

Yaranan problemin səbəbi Facebook istifadəçilərinin Dövlətin 2017-ci ilin yanvar ayında qəbul etdiyi qərardan xəbərsiz olmasıdır. Belə ki, bu ildən onlayn ödənişlər (Facebook, Google və s. sosial şəbəkə ödənişləri, domen, hostinq və s. alınması) zamanı əlavə 18% vergi ödənilir. Bu, siz ödəniş edən zaman birbaşa sizin kartınızdan çıxılır.

Məsələn, siz Facebook-dakı 200 dollar reklam borcunu ödəmək istəyirsinizsə kartınızda minimum 236 dollar balans olmalıdır (200 dollar borc + 18% vergi). Kartınızda 235 dollar olsa belə, ödəniş baş tutmayacaq və bununla bağlı sizə bildiriş gələcək.

Bu haqda ilin əvvəli mətbuatda xeyli məlumat verildi, sosial şəbəkələrdə müzakirələr oldu və sosial şəbəkələrdə aktiv reklam yerləşdirlənlər bundan xəbərdar oldular. Buna görə də ödəniş zamanı bunu nəzərə alırlar.

Amma son bir ayda, iki ayda reklam verən şəxslər ola bilər ki, bu haqda məlumatlı deyil deyə kartlarından artıq pul çıxılanda bunu hansısa texniki problem hesab edirlər. Və ya dediyimiz kimi, kartında yetərincə pul olduğu təqdirdə ödəmədə problem yaşanmasını anlaya bilmirlər. Səbəb yuxarıda qeyd etdiyimiz kimi, 18% vergi ilə bağlıdır.

Facebook, Google kimi platformalarda reklam büdcəsi təyin edəndə bunu nəzərə alın. Məsələn reklama aylıq 500 dollar xərcləmək istəyirsinizsə bilin ki, ayın sonu təxminən 600 dollar ödəməli olacaqsınız (daha dəqiq – 590 dollar).

 

Kartda pul ola-ola ödəmə probleminin yaranmasının növbəti səbəbi kartla bağlı ola bilər. Belə ki, bir kartla bir neçə hesabdan ödəniş etmək istədikdə bəzən problem yarana bilir (Facebook kartı etibarsız sayaraq ödəmə üçün yararsız qeyd edir). Və ya kartın məxsus olduğu bankda hansısa məhdudiyyətlər qoyula bilər (xüsusən devalvasiya və sə . kimi hadisələr zamanı). Və ya hansısa texniki problem də ola bilər. Ona görə ödəniş həyata keçmədikdə qeyd olunan amilləri bir-biri təhlil etsəniz, problemin harada olduğunu tapmağınıza yardımçı olar.

Dolların hazırkı kursu ilə (1.7) reklam ödənişlərində manat-dollar konvertasiyası rahatdır. Belə ki, siz reklama 200 manat xərcləmək istəyirsinizsə sizin reklam büdcəniz 100 dollar olacaq:

  • 200 manat = 118 dollar = 100 dollar reklam xərci + 18% vergi

Yəni siz əlinizdə olan manatı tam 2-yə bölərək reklama neçə dollar xərcləyəcəyinizi hesablaya bilərsiniz (vergi daxil). Ayda 100 manat ödəsəniz 50 dollar, 500 manat ödəsəniz 250 dollar, 5000 manat ödəsəniz 2500 dollar xərcləyəcəksiniz. P.s. Bu, dolların kursunun 1.7 qaldığı müddətdə keçərlidir.

Facebook-da reklamla bağlı faydalı yazılar:

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev