Marketing Meetup Baku 2017 və #4noyabr qalibi haqda

4 noyabr 2017-ci ildə ölkədə genişmiqyaslı “Marketing Meetup Baku” tədbiri keçirildi. 10-dan çox maraqlı spikerin və 200-dən çox marketinq, reklam sferasında çalışan dostların qatıldığı tədbir olduqca maraqlı keçdi.

Çıxışların demək olar hamısı maraqlı və səmimi alındı. Türk qoqnaqların, xüsusən Batesmotelpro‘dan Tansu Tunçelin çıxışı alqışa layiq idi. Onların hazırladığı Garanti Bonus’un “Babalar Günü” videosunu 3 ay öncə SMM Təlimimizdə viral kontent nümunəsi kimi əlavə etmişəm.

Ümumi olaraq desək, tədbir əla keçdi və marketinq sferası üçün yaddaqalan gün oldu.

Tədbirdə maraqla gözlənilən bir hadisə də #4noyabr haştaq ilə bağlı lotereya idi. Çoxlarının bildiyi kimi, son bir ayda sosial mediada (təşkilatçıların verdiyi statistikaya əsasən) 10 mindən çox insan #4noyabr haştaqı ilə Facebook, Twitter və Instagram’da paylaşım etmişdi və paralel olaraq, onlarla şirkət qalib gələcək şəxsə müxtəlif hədiyyələr vəd etmişdi ki, hədiyyələrin ümumi dəyərinin 20 min manatdan çox olduğunu bildirilirdi.

Qalib isə təsadüfi seçim yolu ilə müəyyən olunacaqdı. Tədbirin sonunda qalibi elan etmək mərhələsi gəldi, xüsusi hazırlanmış proqram işə düşdü və qalibin adı açıqlandı. Amma… Maraqlısı o oldu ki, qalib tədbirdə iştirak edən, tədbirə dəstək olan bir şəxs oldu və səhnəyə çıxıb, təbrikləri qəbul etməyə başladı.

Bəli, ilk baxışdan bu, çox qeyri-müəyyən və şübhəli görünür. Amma… dostlar, mən inanıram ki, bu cür nəticənin olması təsadüfdür və seçim şəffaf keçirilib! Niyə görə?

Dostlar, “Marketing Meetup Baku” tədbiri və #4noyabr viral konsepti üzərində ən azı 2 aya yaxındır iş gedir. Təşkilati işlərə 7-8 nəfər gününün böyük hissəsini ayırıb, məşğul olub. Mənim hansısa əlavə işə 1 saat vaxtım gedəndə digər işləri çatdıqmaqla bağlı çətinliyim yaranır adətən. Və təşkilatçıları şəxsən tanıyıram, əksəriyyətinin iş qrafiki bəlkə də məndən daha sıxdır. Belə bir halda 2 ay vaxtını sərf edib belə bir tədbir keçirmək və sonda belə bir “fırıldaq” etmək kimə lazımdır?!

2 ay öncə biz də “Influencer Day” tədbiri keçirdik. Doğrudur, təşkilati işlərdə mənim rolum böyük olmasa da, prosesin içində idim və gördüm ki, belə bir tədbir etmək necə çətin, yorucu, vaxt və enerji aparan bir işdir. İşlərə 2 ay öncədən başlanılsa da, 50% işlər tədbirə bir gün qalmış bitdi. Hətta Tədbir günü səhər Vaqif, Fərid ona-buna zəng edib, filan işlərin tamamlandığını dəqiqləşdirirdilər. Yəni belə bir əziyyətli işin fonunda 7-8 nüfuzlu şəxs niyə öz imiclərini zədələsinlər ki?!

Üstəgəl fırıldaq edən adam qalibi niyə tədbirə dəvət edib, əlavə problem yaratsın özünə ki? Qubadan Əhmədov Məmməd adında adamla danışardılar, qalib o olardı, o da canlı bağlantı ilə deyərdi ki, sevincimin həddi hüdudu yoxdu.. Yəni bu cür hal məntiqsiz görünür.

Ona görə düşünürəm ki, bu təsadüf idi, sadəcə olaraq çox pis təsadüf oldu. Təşkilatçıların səhvi onda olub ki, gərək tədbirə kiçik və ya böyük həcmdə istənilən dəstəyi verən, hansısa formada bağlılığı olan bütün şəxsləri lotereya siyahısından çıxarardardılar ki, belə nəticə yaranmazdı. Amma yenə deyirəm, tədbir təşkil etmək çox çətin və enerji aparan işdir, ilk belə tədbir olduğunu nəzərə alsaq, kifayət qədər uğurlu saymaq və təşkilatçıları təbrik etmək olar.

P.s. Tədbirdə Brain Tracy ilə selfi’mi görmək də ayrıca xoş oldu :)

   

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev