Marketinqdə bir daşla iki quş vurmaq (Arabam.az nümunəsi)

Bir neçə gün öncə Facebook’da Arabam.az adlı səhifənin reklamı qarşıma çıxdı, bu səhifəni bəyəndim. Səbəbi bilirsiz nədir? Elanda (marketinq nöqteyi-nəzərdən) maraqlı bir təklif edilirdi: “Siz də öz elanınızı Arabam.az səhifəsində yerləşdirin! Facebook-da elanınızı reklam edək və reklamın pulunu biz verək!”. 

 

arabam az avtomobil masin elani satisi

 

Türklər demiş, “kulağa hoş geliyor”, elə deyil? :) Facebookda sənin elanını ödənişli reklam edirlər. Qəşəng təklifdir. Mən maşın satası olsam başqa saytlara yerləşdirərəm ya yox, dəqiq bilmirəm, amma bu sayta dəqiq yerləşdirərəm. Adamlar mənim yerimə reklam edəcək, bundan yaxşı nə var?!

İndi gəlin görək Arabam.az  saytı bunu niyə edir? Və ya “xalxın uşağı”nın yerinə cibindən reklama niyə pul verir?

Əslində Arabam.az’ın attığı bu addımda fərqli və ya qəribə bir şey yoxdur. Sən saytını reklam etmək üçün saytında olan məhsulları və ya xidmətləri reklam etməlisən, bu sadə məntiqdir. Arabam.az da bu addımla məhz öz saytını və öz Facebook səhifəsini reklam edir. Və reklam kontenti olaraq da saytındakı avtomobil elanlarından istifadə edir. Elan nə qədər maraqlı olsa, sayta da bir o qədər çox giriş olacaq, Facebook səhifəsində engagement (like, share, comment) bir o qədər çox olacaq.

Bunu etdikdə nəticə nə olur? Arabam.az həm öz saytını və səhifəsini reklam edir, həm də sayta avtomobilini yerləşdirən şəxsin elanını reklam edir, başqa sözlə desək, bir daşla iki quş vurur.

Bu yenilikdirmi? Xeyr! Yadıma gəlmir amma əminəm ki, Turbo.az da, Avtomobil.az da, Avto.az da maraqlı elanlarını reklama qoyublar. Yəni Arabam.az’ın etdiyində yenilik yoxdur. Yenilik bilirsinizmi hardadır? Adlarını çəkdiyim digər saytlardan fərqli olaraq Arabam.az bunu istifadəçilərinə yenilik olaraq, “avantaj” (üstünlük) olaraq çatdırır. Turbo.az bəlkə daha çox elanı reklama qoyub, amma “reklamınızı edək, pulunu da biz verək” deyə mesaj verməyib heç zaman. Arabam.az “kulağa hoş gelen” bu mesajı bir növ “patentləşdirmiş” oldu.

Qeyri-adi bir iş görmədən rəqiblərindən necə fərqlənmək olar, onu göstərən yerli bir keys. Yazın bir kənara :)

 


 

Maraqlı ola biləcək digər yazılar:

Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası

Səyahət etməyə hazırlaşırsınızsa, bu 5 mobil tətbiq telefonunuzda olsun

İyun ayının ən maraqlı tvitləri – SİYAHI

Pokemon Go – İnsanları küçələrə çıxaran səbəb nədir?

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev