“Messenger Day” yeniliyi ilə Zükerberq bizə hansı mesajı verir?

Bloqumu mütəmadi izləyən dostlar bu yazını görəndə, bəlkə də öz-özlərinə dedilər ki, son vaxtlar Orxan niyə ardıcıl olaraq Zükerberqdən yazır. Bəli, belədir və səbəbi budur ki, sosial medianın, xüsusən Facebook’un inkişaf tempilə ayaqlaşmaq olduqca çətindir. Bir neçə gün öncə hətta zarafatyana status da yazmışdım bu haqda:

 

Popup comment box

Statusda qeyd etdiyim kimi, Facebook bir müddət öncə “popup comment box”, yəni sizin paylaşımınıza şərh yazıldıqda, kimsə sizi şərhdə işarələdikdə ekranda açılan (yalnız desktop versiya üçün) böyük pəncərəni istifadəyə verdi. Çox faydalı bir yenilikdir. Belə ki, artıq siz paylaşımınıza yazılan şərhə baxmaq üçün həmin paylaşım səhifəsinə keçməyə ehtiyac olmur, olduğunuz səhifədə qalmaqla ekranda pəncərə açılır. Orada həm şərhi oxuya, həm də cavab yaza bilərsiniz. Az öncə ana səhifədə Sənan bəyin statusunu oxuyarkən adaşım Orxan Mirzə onun paylaşımına yazdığım şərhə cavab yazdı və həmin pəncərə açıldı:

 

Zükerberq bu və ya digər formada tez-tez yeniliklər edir. Müəyyən sayda istifadəçi üçün test rejimi buraxır, reaksiyalara baxır, proznozlaşdırdıqları kimi davam edirsə bütün dünyaya açırlar. Məsələn, “Instagram Stories”in eynisi olan “Messenger Day”i ilk dəfə ötən ilin sonlarında yalnız Polşada və Avstraliyada istifadə verib. Daha sonra isə bütün dünyaya açmağa başlayıb.

 

Snapchat Stories > Instragram Stories >  Messenger Day

“Messenger Day” yeniliyi mənimçün daha maraqlı oldu. Facebook illər öncə Snapchat’ı almaq istəsə də buna nail olmadı və alternativ olaraq Snapchat’dakı funksiyaları “kopyalamağa” başladı. Snapchat’da olan sistemi eynilə “Instagram Stories” adı altında buraxdı. Bir müddət sonra həmin funksiyanı “Whatsapp Status”a gətirdi, bir neçə gün öncə isə həmin şeyi “Messenger Day” adı ilə Facebook’un mesajlaşma tətbiqi Messenger’ə gətirdi (Məlumat üçün qeyd edim ki, Facebook bir neçə il öncə Instagram və Whatsapp’ı  alıb).

Biz adətən hansısa yenilik etmək istəyəndə çalışırıq ki, mümkün qədər unikal olsun, dünyada analoqu olmasın, indiyədək “heç kimin ağlına gəlməsin”. Prosesi xeyli qəlizləşdiririk. Zükerberq isə bu addımı ilə bizə dərs verdi məncə. Adam nəinki qeyri-adi bir yenilik etdi, əksinə Snapchatdan oğurlayıb, Instagram’a tətbiq etdiyi, bununla kifayətlənməyib Whatsapp’a tətbiq etdiyi, insanların “Stories’in Whatsapp’da heç yeri yoxdur” dediyi vaxtda dayanmayıb, bunu hətta Messenger’ə də tətbiq etdi.

Çünki Zükerberqə kreativlik yox, statistika maraqlıdır. Sosial şəbəkələrdə edilən istənilən yenilik adətən məhdud sayda istifadəçi üçün istifadəyə verilir. Bir müddət onların reaksiyası toplandıqdan sonra bütün dünyaya istifadəyə verilir və ya əksinə ləğv edilir (və ya dəyişiklik edilir). Zükerberqin idarə etdiyi sosial şəbəkələrdə milyardlarla istifadəçi var və bu, çox ciddi bir gücdür. Zükerberq də bundan istifadə edir.

Bir çox insanların Zükerberqi bu addımına görə qınamasına, lağa qoymasına baxmayaraq o, “Instagram Stories”i, “Messenger Day”i tətbiq edir. Instagram’da bu addım uğurlu olub, istifadəçi aktivliyi artıb. Messenger’də də statistikaya baxılacaq, əgər bu, istifadəçilərin aktivliyinə gətirib çıxaracaqsa bunu saxlayacaq, əksinə olarsa dəyişiklik edəcək və ya ləğv edəcək.

Bunu adi birisi deyil, dünyada ciddi informasiya gücünə malik olan şəxs (qurum) edir. Demək ki, irəli addım atmaq üçün, yenilik etmək üçün heç də hər zaman fərqli olmağa gərək yoxdur.

 

Faydalı

Messenger Day’də hansı istifadəçinin paylaşımlarını görmək istəmirsinizsə onun paylaşdığı kontentə basıb saxlayın, orada menyu çıxacaq. Sonuncu “Hide Filankəs’s Day” düyməsini seçməklə siz bir də heç zaman o istifadəçinin Day’ində paylaşdıqlarını görməyəcəksiniz.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev