Olmayan onlayn ticarət vərdişlərini niyə məhv edirsiniz?

Evə gələndə çörək almaq üçün məhlədəki mağazaya daxil oldum, satıcı (33 yaşında oğlan) başı ilə TV’ni göstərib “Görürsən?!” dedi. Xəbərlər’də aşağıda gördüyünüz yazılmışdı: “Onlayn ticarətdə təhlükəsizlik. Kartınızdan pul oğurlaya bilərlər”.

online-alis-veris-ucuz-tehlukesiz

Bu xəbərə çox pis oldum! Çünki bu, onsuz da olmayan online ödəniş, online alış-veriş sisteminə zərbədir. Online əməliyyatlardan insanları soyutmaqdır, gözlərini qorxutmaqdır. Necə ki, mağazaya girəndə satıcını o vəziyyətdə gödüm (həmin adam heç vaxt online ödəniş etməyib, bu xəbər də ona necə də “doğru” olduğunu göstərmiş oldu).

Evə gəlib, dəqiq olsun deyə sujeti başdan sondək izlədim. Əslində sujetdə məqsəd insanlara online ödəniş edərkən diqqətli olmağı aşılamaqdır, bu da yaxşı haldır. Amma sujet elə hazırlanıb ki, xəbəri eşidən maariflənməkdən çox qorxuya düşür. Xüsusən də sujetin o başlığı.

Əziz media nümayəndələri, xəbər hazırlayarkən onun formasına, ötürülən məlumata diqqət edin, axı siz jurnalistsiniz! Yüzminlərlə insana məlumat çatdırırsınız, yuxarıdakı xəbərdə olduğu kimi, düzgün olmayan müraciət, başlıq insanları əksinə qorxuya sala bilər.

Bəli, online ödəniş zamanı pul oğurlana bilər, amma yolda gedərkən də cibinizdən, pulqabınızdan pul oğurlana bilər.
Bəli, online ödəniş zamanı pul oğurlana bilər, amma bu, tək Azərbaycanda deyil, bütün dünyada baş verə bilir. Amma dünyada heç bir ölkədə online ticarətdən insanları soyutmurlar. Əgər siz online ticarət haqda insanları maarifləndirmək istəyirsinizsə online ticarətin necə rahat olmasından, online ödənişlərin insanların vaxtınaqənaət etməsinə səbəb olmasından, online ödənişlərin şəffaflıq yaratmsından, xərclərə nəzarət edə bilmək imkanından bəhs edin.

Entrepreneur.com‘un məlumatına görə onlayn ticarətə il ərzində Honq Konq’da bir nəfər ortalama 2 868 dollar, Norveç’də 2 448 dollar, ABŞ’da 1 757 dollar xərcləyir. Elə bilirsiz həmin ölkələrdə pul oğurlayan “xaker”lər yoxdur? Orda da var! bizdəkindən yüz dəfə çoxdur. Amma orada online ticarətin ziyanı barədə reportajlar hazırlanmır. O tip “xaker”lərdən qorunmaq üçün etibarlı saytlarda onlayn əməliyyat etmək kifayətdir.

Cəmi bir neçə gün öncə online ödənişlərlə bağlı digər bir problem haqda yazmışdım. TV kanallarımızın bu tip sujetləri isə onlayn vərdişləri olmayan toplumu bundan biraz da uzaqlaşdırır. Nə olar, belə etməyin! Onlayn ödəniş mədəniyyəti formalaşmadıqca dünyadan, qlobal trendlərdən uzaq qalırıq. Əksinə, online ticarətlə məşğul olan insanlara dəstək olun, onlar haqda sujetlər hazırlayın.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev