Orxan Rzayevin bloqu sosial media marketinq
İdman

“Qarabağ” klubunun qələbəsi 3 xaldan əlavə bizə nə qazandırır?

qarabag tottenham europa league orkhanrza
Baxış

“Qarabağ” klubunun qələbəsi 3 xaldan əlavə bizə nə qazandırır?

Son illər “Qarabağ” klubunun UEFA  turnirlərində inamlı mübarizə aparması, xüsusən ötən il Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi və qrupda da layiqli mübarizə aparması tək ölkədə deyil, ölkə xaricində də maraqla qarşılanmışdı. Qrupun son oyununda baş verən məlum hadisə (Bakıda İtaliyanın İnter klubu ilə keçirilən görüşdə 94-cü dəqiqədə italiyanların qapısına təmiz qol vurulmasına baxmayaraq, qolun qeydə alınmaması və buna görə də növbəti mərhələyə “Qarabağ”ın deyil, “Dnepr”in yüksəlməsi) bir çox ölkələrdə idman camiəsinin müzakirə obyektinə çevrilmişdi. “Qarabağ” bu il avrokuboklarda yenə inamlı oyun nümayiş etdirdi və yenidən Avroliqanın qrup mərhələsinə yüksəldi.

Mən futbol həvəskarıyam deyə ola bilər, bu fikirlərimdə subyektivlik çox olsun, amma mənə görə futbol ölkənin tanıdılması üçün güclü alətlərdən biridir. “Cadiz”, “Salamanca”, “Murcia”, “Almeria” kimi adları bəziləriniz ola bilər heç vaxt eşitməyib, amma futbolla maraqlanan insanlar bunların İspaniyanın şəhərləri olduğunu bilir, çünki hər birinin adına azı bir futbol klubu var. Yadımdadı, 1999-2000-ci illərdə (12-13 yaşlarımda) Fransanın, İspaniyanın, İtaliyanın, İngiltərənin əksər şəhərlərinin adını bilirdim. Telefonda futbol menecer oyunlarında İngiltərənin klubları ilə o qədər oynamışdım ki, “Macclesfield”, “Morecambe”, “Wrexham”, “Torquay” adlı Britaniya şəhərlərinin olduğunu bilirdim. Hətta Portuqaliyanın 3-cü liqasında hazırda da mübarizə aparan “Fatima FC” adlı klub var.

Demək istədiyim, futbol klubunun hər hansı uğuru təkcə həmin klubun adına deyil, klubun məxsus olduğu şəhərin və ölkənin adına da fayda verir. İndi biz öz məsələmizə baxsaq, bir halda ki, bizim ölkə olaraq ən əsas problemimiz torpaqlarımızın işğal altında olması və dünyanın bundan bixəbər və ya yanlış məlumatlı olmasıdır, “Qarabağ” klubunun Avropa klubları ilə hər oyunu, qazandığı hər uğurlu nəticə ölkə olaraq bizə faydalıdır. Çünki uğurlu nəticə “Qarabağ” adının müxtəlif ölkə mətbuatında hallanmasına gətirib çıxarır. Məsələn, bir neçə gü öncə “Qarabağ” klubu İngiltərədə “Tottenhem”lə görüşdə oyunun 6’cı dəqiqəsində qol vurub, önə keçdi.

2284073 w2 - "Qarabağ" klubunun qələbəsi 3 xaldan əlavə bizə nə qazandırır?

Əgər komandamız bu oyunda qələbə qazansaydı bütün İngiltərə (hətta bütün Avropa) həmin gecə Google’dan soruşacaqdı: “Qarabağ nə klubdur, kimlərin klubudur, haranın klubudur?” Çünki, bu, gecənin ən sensassiyalı nəticəsi olacaqdı, təəssüf ki, olmadı. Amma “Qarabağ”ın bu mərhələyə gəlməsi belə, dünya mətbuatında diqqət çəkib. Aylıq ziyarətçi sayı milyonu ötən FourFourTwo.com saytı “Tottenhem”lə oyundan öncə Qarabağ’a aid geniş yazı dərc edib. Yazını buradan oxuya bilərsiniz.


qarabag avroliqa fourfourtwo orkhanrza com - "Qarabağ" klubunun qələbəsi 3 xaldan əlavə bizə nə qazandırır?


Görün necə incəliklə həm işğal mövzusuna, həm də klubun tarixinə, gücünə, uğurlarına toxunulub. Bəli, budur! Yuxarıda izah etmək istədiyim məhz budur! Məqsədimiz ölkəmizə qarşı olunan haqsızlığı dünyaya çatdırmaqdırsa, aylıq oxucusu milyondan çox olan sayt bunu bizim üçün etdi – futbol komandamızın uğurlu nəticələrinə görə. Demək ki, “Qarabağ”ın bu cür turnirlərdə qazandığı hər qələbə bizə təkcə 3 xal qazandırmır, həm də bu cür təbliğat qazandırır.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev