Qarabağ və Qəbələ klublarının uğurları nə dərəcədə böyükdür?

qarabag-qebele-avroliqa-qollar

Avropanın futbol mənzərəsi

Avropanın futbol klubları və futbol turnirləri digər qitələrə nisbətdə daha populyardır. Avropa Futbol Federasiyasına (UEFA) Azərbaycan da daxil olmaqla, ümumilikdə 54 ölkə daxildir. UEFA hər il iki əsas turnir təşkil edir. Bunlar Çempionlar LiqasıAvropa Liqası‘dır. Çempionlar Liqası daha səviyyəli turnirdir, çünki bu turnirin əsas mərhələsi sayılan qrup mərhələsində Avropanın aparıcı çempionatlarının qalibləri və ilk yerləri tutan klublarından ibarət 32 klub iştirak hüququ qazanır. Avropa Liqası Çempionlar Liqasına nisbətdə zəif turnir olsa da (qaliblər yox, sonrakı yerləri tutan klublar çıxış edir) son illər orada da maraqlı mübarizə qeydə alınır. Avropa Liqasının qrup mərhələsində 48 klub iştirak hüququ qazanır. Beləliklə UEFA’nın 2 turnirinin final mərhələsində 80 Avropa klubu mübarizə aparmaq hüququ qazanır.

 

Qarabağ ardıcıl 3-cü dəfə, Qəbələ 2-ci dəfə Avropa Liqasının final (qrup) mərhələsində!

UEFA-ya daxil olan 54 ölkənin futbol çempionatlarında ümumilikdə 810 klub iştirak edir və hər il onlar Avrokubokların (Çempionlar Liqası və Avropa Liqası) final mərhələsində iştirak edən 80 klubdan biri olmaq üçün mübarizə aparır. Avqustun 25-i Avropa Liqasının play-off mərhələsində oynayan Qarabağ və Qəbələ klublarının hər ikisi sərfəli nəticə qazandı və qrup mərhələsində iştirak hüququ qazandı. Beləliklə, Qarabağ klubu ardıcıl olaraq 3-cü dəfə, Qəbələ klubu isə ardıcıl olaraq 2-ci dəfə həmin o 80 klublan biri oldu. Yəni, ötən il olduğu kimi, bu il də Avropanın ən güclü 80 klubundan ikisi Azərbaycan klubudur.

Qəbələ Maribor səddini də keçməklə Avropa Liqasında ardıcıl olaraq 8 seçmə mərhələni keçmiş oldu – həm ötən il, həm də bu il Avropa Liqasının I təsnifat mərhələsindən play-offmərhələsinədək (IV mərhələyədək) bütün mərhələləri keçərək qrupa düşdü. Ekspertlər araşdırsın, məncə bu Avropa futbolu tarixində rekorddur.

 

 

Azərbaycan futbolunda “4Q uğuru”!

Qarabağ,

Qurban (Qurbanov),

Qəbələ,

Qriqorçuk (Roman).

Bu 4 Q hərfi ilə başlayan sözlər Azərbaycan futbolunda tarix yazmaqda davam edir. Son illərdə Qarabağ və Qəbələnin güclü Avropa klubları qarşısnda inamlı nətəcələr qazanmaları dəfələrə UEFA.com’da ana səhifəyə çıxıb, Avropa Azərbaycan klubunun uğurundan yazıb.

Klublarımızın bəzi nəticələri:

2009/ Qarabağ 1-0 “Rusenburq” (Norveç)

2011/ Qarabağ 1-0 “Brügge” (Belçika)

2014/ Qarabağ 2-1 “Zalsburq” (Avstriya)

2014 / “Tvente” (Hollandiya) 1-1 Qarabağ

2014 / “Sent-Etyen” (Fransa) 1-1 Qarabağ, Qarabağ 0-0 “Sent-Etyen”

2014/ Qarabağ 0-0 “İnter” (İtaliya)

2014/ “Dnepr” (Ukrayna) 0-1 Qarabağ

2015/ Qarabağ 0-0 “Seltik” (Şotlandiya)

2015/ Qarabağ 3-0 “Yanq Boys” (İsveçrə), “Yanq Boys” 0-1 Qarabağ

2015/ Qarabağ 1-0 “Anderlext” (Belçika)

2015/ Qarabağ 1-1 “Monako” (Fransa)

2015/ Qəbələ 2-0 “Dinamo Tbilisi” (Gürcüstan)

2015/ Qəbələ 1-0 “Apollon” (Kipr)

2015/ Qəbələ 0-0 “Panatinaykos” (Yunanıstaan), “Panatinaykos” 2-2 Qəbələ

2016/ Qəbələ 1-0 “Lill” (Fransa)

 

Bu il Qarabağ Avropa Liqasının qrup mərhələsində “Fiorentina” (İtaliya), “PAOK” (Yunanıstan) və “Liberec” (Çexiya) klubları ilə mübarizə aparacaq. Qəbələ isə “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Manyz” (Almaniya) klubları ilə müvarizə aparacaq. Ötən illərlə müqayisədə bu ilki püşk daha yaxşı oldu deyə bilərik. Başqa sözlə, bu dəfə həm Qarabağdan, həm də Qəbələdən qrup mərhələsini keçmək ehtimalına daha çox inanırıq.

Hazırda Azərbaycan UEFA-nın klub reytinqində 54 Avropa ölkəsi arasında 25-ci yerdədir (Moldova – 34, Finlandiya – 36, Gürcüstan – 39, Latviya -40, Ermənistan – 45). Klublarımız qrup mərhələsində də uğurlu nəticə göstərsələr bu, ölkə reytinqində daha irəli getməyə səbəb olacaq.

Yəqin ki, Qarabağ və Qəbələnin oyunları izləyən hər kəs razılaşar ki, həm Qurban Qurbanov, həm də Qriqorçuk Avropa səviyyəli klub yaradıblar. İndi Qarabağ da, Qəbələ də Bakıda istənilən klubu qəbul etdikdə qələbə üçün oynayırlar, bəzi oyunlarda hətta rəqib meydanında da oyuna nəzarət edən tərəf olurlar. Qarabağın 3-cü dəfə, Qəbələnin isə 2-ci dəfə ardıcıl Avrokubokların qrup mərhələsinə düşməsi Azərbaycan futbolu adına tarixi hadisədir və onillər sonra da bu günlər xatırlanacaq.

 

 

Uğurlu nəticə həm reytinq, həm də milyonlar gətirir

Klublarımızın uğurlu nəticələri təkcə reytinqə təsir etmir. Həm də klublarımızın büdcəsinə kifayət qədər pul gətirir.

Qəbələ klubu bu mövsüm (son iki ayda) adladığı 4 mərhələ üçün 860 min avro, qrupa düşdüyü üçün isə 2,4 milyon avro, ümumilikdə 3,26 milyon avro qazanıb.

Qarabağ klubu isə bu mövsüm adladığı mərhələlərə görə 930 min avro, qrupa düşdüyü üçün 2,4 milyon avro, ümumilikdə 3,33 milyon avro qazanıb. 

Qrup mərhələsində klublarımız hər qələbəyə görə 360 min avro, hər heç-heçəyə görə 120 min avro qazanacaq. Qrup lideri kimi növbəti mərhələyə adlasalar 1 milyon avro, qrup ikincisi kimi adlasalar 750 min avro qazanacaqlar. Avroliqanın qalibi (qrupda bütün oyunlada qalib gəlsə) 20 milyon avro qazana bilir.

Yəni, klublarımızın uğuru həm ölkənin imicinə müsbət təsir edir, həm də klubun büdcəsini kifayət qədər artıra bilir.

Bizə isə hazırda Qarabağa və Qəbələyə uğurlar diləmək və oyunla zamanı stadionda olub, klublarımıza dəstək olmaq qalır!

avroliqa qarabag aztv idman cbc sport 1

avroliqa qarabag aztv idman cbc sport

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev