Orxan Rzayevin bloqu sosial media marketinq
İdman

Qeyri-mümkünü mümkün etmək… sizcə mümkündürmü?

Levandovski 6 qol
Baxış

Qeyri-mümkünü mümkün etmək… sizcə mümkündürmü?

Əzmkarlıq, sonadək mübarizə, uğura inam… Hər kəsin sahib olmaq istədiyi xüsusiyyətlərdir. Lakin bir çoxumuz bundan uzağıq. Buna yaşadığımız cəmiyyətin özünəməxsus vəziyyəti, ətrafımızda baş verən olaylar, psixoloji vəziyyətimiz və s. amillər təsir edir. Bəzən çətin görünən işi etmək istəmirik, qeyri-mümkün görünən işə isə ümumiyyətlə cəhd etmirik.

Amma bizim qeyri-mümkün gördüyümüz işləri bəziləri edir və istəyinə nail olur. Bugünkü yazıda sizə futboldan iki misal təqdim edəcəm. Son bir həftədə baş verən bu iki maraqlı hadisə yazımın mövzusu oldu.
Ümumiyyətlə futbol oyunu insanın həyat dərsi çıxarması üçün çox yaxşı idman növüdür. 90 dəqiqə vaxt və o 90 dəqiqədə baş verənlər… Yalnız fiziki, taktiki baxımdan hazır olanlar, əzmkarlar, sonadək mübarizə aparmağı bacaranlar bu oyunda qalib gəlir. İstisna hallarda isə bəxti gətirənlər. Eynilə həyatda olduğu kimi. Dünyaca məşhur insanların həyat hekayəsinə baxdıqda görürük ki, hər biri cəhd edib, təkrar təkrar yoxlayıb, sınayıb və sonda istədiyinə nail olub. Tomad Edisonun lampanı 10 000’ci cəhddə kəşf etməsi kimi (Düzü mən 10 min olduğuna inanmıram amma 500 və ya 1000 olubsa belə, yenə də böyük əzmin nəticəsidir).

Ötən həftə Rusiya çempionatının 9-cu turunda “Mordoviya” klubu “MOIK”i qəbul edirdi. Oyunun 15-ci dəqiqəsində artıq “Mordoviya” 3 qol vurmuşdu və qonaq komanda “MOIK”in bir oyunçusu qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. İlk hissə də bu cür başa çatmışdı. Həmin anda özünüzü “MOIK” futbolçularının yerinə qoyun. Cəmi 15 dəqiqə ərzində qapınızdan 3 qol buraxmısınız və bir nəfər azlıqda qalmısız. Üstəlik rəqibin meydanında oynayırsınız. Və ilk hissə başa çatanda siz bir qol belə, vura bilməmisiniz. Həmin an düşündüyünüz oyunun mümkün qədər tez və daha biabırçı olmayan nəticə isə bitməsi olar, deyilmi? Əksəriyyət bu cür düşünər, məncə.

İndi isə oyunun qısa icmalına baxın və ikinci hissədə nələr olduğunu görün:


6 qol! “MOIK” futbolçuları səfər meydanında, bir nəfər azlıqda, 0-3 hesabi ilə geridə olduqları oyunun ikinci hissəsində 1 yox, 2 yox, 6 qol vurur və futbol tarixinin nadir rast gəlinən “geridönüş”ünü reallaşdırırlar. Oyunun fasiləsində baş məşqçi ilə futbolçuların nədən danışdığını, hansı əhval-ruhiyyə ilə ikinci hissəyə başladıqlarını olduqca maraqlıdır. Dəqiq olan bir şey var ki, onlar inandılar, sonadək mübarizə aparmalı olduqlarını qəbul etdilər. Bəlkə də 6 qol vuracaqlarını özləri də gözləmirdi, lakin buna CƏHD ETDİLƏR və bacardılar. Dərs çıxarmaq üçün faydalı video-çarxdır.

İkinci futbol oyunu isə 3 gün öncə keçirilmiş Almaniya çempionatındandır. “Bavariya” klubu “Volfsburq” klubunu qəbul edir. Oyunun ilk hissəsini “Bavariya” 0-1 hesabı ilə geridə bitirir. İkinci hissənin başlanğıcında ev sahibi komandanın baş məşqçisi Qvardiola Levandovskini meydana buraxır. Və bu dəyişiklik dünya futbol tarixinin yeni bir rekorduna səbəb olur. Baxın:

İkinci hissədə meydanda çıxan Levandovski 9 DƏQİQƏYƏ 5 QOL VURUR! Futbol tarixinin ən sürətli pentatrik’i (pentatrik – bir oyunda 5 qol vurmaq) qeydə alınır. Və 5ci qoldan sonra lentə alınan Qvardiolanın bu mimikası futbol tarixinin ən maraqlı görüntülərindən biri olaraq tarixə düşəcək yəqin ki: “Neylədim aa mən?!” :D

Untitled 1 1024x537 - Qeyri-mümkünü mümkün etmək... sizcə mümkündürmü?


Yuxarıdakı hadisələr kimi xeyli sayda “qeyri-mümkün” vəziyyətlər olub ki, futbolçular və baş məşqçilər onu mümkün edib. Əslində insan bu cür görüntülərə baxanda baxış bucağı dəyişməli, əzmkarlıq, sonadək mübarizə məvhumları onun beynində canlanmalı, motivasiyası artmalıdır. Həyatda da çox bənzər hallar baş verir. İnanılmaz saydığımız şeylər mümkün ola bilir. Bunun üçün 1) hazırlıqlı olmaq, 2) inanmaq, 3) cəhd etmək lazımdır.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev