Rüzgar’ın Street Food’u ya Özcan’ın Coca-Cola’sı?

Rüzgar’ın Street Food’u ya Özcan’ın Coca-Cola’sı?

Bir neçə gün öncə Sumqayıtda yerləşən yeni açılmış Street Food adlı məkanın fərqli reklam çarxı ortaya çıxdı. Reper Rüzgar’ın təqdimatında maraqlı bir səhnəcik hazırlanmışdı, reper dostları ilə Street Food’a daxil olaraq satıcıya sifarişini replə çatdırır. Səs effekti, çəkiliş ideal alınıb demək olmaz, amma ideya olaraq, reklam çarxı olaraq maraqlı, həmişəkindən fərqli bir məhsul ortaya qoyulub. Buna görə ideya müəllifini alqışlamağa dəyər.

Amma hər zamankı kimi, reklam çarxına mız qoyanlar kifayət qədər oldu. Klipi təndiq etdilər, müxtəlif çatışmazlıqlarını qeyd etdilər. Klipi tərifləyənlər, paylaşanlar da gözümə çox dəymədi.

Bu məqamda diqqəti yönəldək bir müddət öncə çıxan, Özcan Dəniz və Sılanın ifa etdiyi Coca-Cola reklam-klipinə. İfaçılar klip çəkdirib musiqi ifa ediblər, amm bu, həm də Coca-Cola’nın reklam çarxı idi. Maraqlı bir format ortaya qoymuşdular.

Özcanın bu klipi yeni çıxdığı vaxt bir neçə gün ardıcıl olaraq Facebook’da mütəmadi şəkildə ana səhifəmə çıxırdı. Müxtəlif dostlarım “Pozitiv!”, “Super!”, “Əla!” başlıqları ilə klipi paylaşırdılar.

Məqsəd burda Özcanın klipi ilə Rüzgarın klipini müqayisə etmək deyil, nə də Rüzgar’ın ifasının daha kreativ olduğunu iddia etmirəm. Amma xairicilərdə bir şeyi görəndə dərhal alqışlamaq, özümüzünkünə isə mız qoymaq adətimizə çevrilib. Özcan-Rüzgar mövzusu bir nümunədir, bunu kimi onlarla nümunə saymaq olar  ki, başqasının etdiyinə bəh-bəh demişik, onu özümüzünkü edəndə isə hərə bir səhvini tapıb, çıxarıb.

Doğrudur Street Food’un etdiyi yeni bir şey deyil (bunu irad tutanlar da var idi), daha öncə Rusiyada McDonalds üçün, hətta ondan öncə də başqa ölkədə bu ssenaridən istifadə olunub, amma məsələn mən, nə Rusiyadakını, nə də digərini görməmişdim, ona görə Street Food’un bu reklam çarxı maraqlı gəldi mənə, bəyəndim. Məkanın adı, görünüşü dərhal yadımda qaldı. P.s. Hətta bloq yazısı da həsr elədim :)

Amma Özcanın Coca-Cola’sı da yenilik deyil, məşhur brendlər barədə əvvəllər də klip çəkilib. Burada isə Coca-Cola’ya irad tutan adam qarşıma çıxmadı. Yəni özümüzə qarşı niyə belə tənqidi münasibət göstəririk, anlaşılmazdı. Niyə özümüzü əzməyə, özümü pisləməyə bu qədər meylliyik?!

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev