Sosial mediadan istifadə edən böyük şirkətlər nəyə diqqət etməlidir?

Bir neçə gündür, qeyri-etik paylaşımlarla gündəmə gələn bir pizza salonu var. Maraq oyadıb deyə istifadəçilər paylaşırlar, müzakirə edirlər. Səhifənin admini də deyir ki, maraq oyada bilmişiksə uğurluyuq. Bir neçə nəfər məni də paylaşımlara tag edib, fikrimi soruşub bu barədə.

İlk öncə bildirmək istəyirəm ki, kreativlik və səviyyəsizlik arasında incə bir sərhəd var. Bunu anlamaq üçün isə insanın IQ’sü, demirəm 100+ olsun, heç olmasa onun yarısı qədər olsa kifayətdir. Amma təəssüf ki, bəzi brendlər keyfiyyətli əməkdaşlara pul xərcləməkdə o qədər simicdir ki, heç o səviyyədə belə, adam tapa bilmir və nəticədə biabırçı vəziyyətin şahidi oluruq.

Düşünürdüm ki, bəlkə mən sərt yanaşıram mövzuya, amma kopiraytinq sahəsində ölkənin div’lərindən olan dostumuz Xətai Əlinin bu haqdakı paylaşımını görəndə anladım ki, yox, elə düzgün təhlil etmişəm.

 

Elə bu mövzu gündəmdə olarkən Azәr Türk Bankın paylaşımı çıxdı qabağıma:

 

“Sən bankda işləyirsən, sən bilərsən…” ilə başlayan bütün sualları kredit mütəxəssisimiz istirahət günlərində də sevə-sevə cavablandırır, – başlıqlı paylaşım ediblər və posterin üzərində də yazılıb: “Aslanımız istirahət vaxtı da köməyini əsirgəmir”. Deməli, şəkildəki əməkdaşın adı Aslandır. Bank əməkdaşının adını qeyd etməklə, həm də əməkdaşına “aslanımız” deyə xitab etmiş olub. Adətən övladını əzizləyən valideyn ona “aslanım” deyə xitab edir. Fikir verin, necə incə bir məqam yaranıb. Üstəgəl paylaşımın mətn hissəsi də səmimi, gündəlik rastlaşdığımız/eşitdiyimiz ifadədir deyə insana xoş gəlir.

Bax budur! Bankın əməkdaşına belə xitab etməsi, verdiyi dəyər istifadəçi olaraq məndə həmin brendə qarşı pozitiv emosiya oyadır.

 

Az öncə rastıma çıxan dostumuz Rövşən Mehdiyevin statusu da tam yerinə düşdü:

 

Və maraqlı faktı deyim: Azər Türk Bank’ın sosial media marketinqini hansısa agentlik yox, daxili komanda həyata keçirir (Çünki adətən şirkətlərin uğurlu SMM fəaliyyətinin arxasında hansısa SMM agentlik durur). Paylaşımlara (dizayn, kopiraytinq, zamanlama) diqqət etsəniz kifayət qədər uğurlu fəaliyyət göstərdiklərini görmək olur.

Novruz bayramında Azər Türk Bank’ın etdiyi kampaniya isə, sözün əsl mənasında, partlatdı. Partnyorlara göndərəcəkləri Novruz hədiyyələrinin vəsaiti ilə 10 tələbənin təhsil haqqını ödəyən Bank 2017-ci ilin Novruz dönəminə möhür vurdu, deyərdim. Bu haqda paylaşım da etmişdim:

 

Tez-tez dostlar deyir ki, sosial medianın o işi pisdir ki, keyfiyyətli şirkət də, keyfiyyətsiz şirkət də özünü reklam edə bilir, eyni mesajı, eyni auditoriyaya çatdıra bilir.

Bəli, dostlar, sosial media bu imkanı verir. Amma inanın, sizin işiniz keyfiyyətsizdirsə, siz sosial media ilə istifadəçini bir dəfə aldada biləcəksiniz. Növbəti dəfə sizin mesajınızı görəndə bu, sizin ziyanınıza işləyəcək (1 ulduz vermək, neqativ şərhlər yazmaq və s.). Son aylarda bir neçə əyani sübutunu görmüşük sosial şəbəkələrdə.

Bugünün reallığı odur ki, istənilən şirkət sosial mediada təmsil olunmalıdır. Bunun  yanında siz doğru mesaj, doğru təkliflər etməlisiniz ki, qazandığınız istifadəçilər sizin anti-reklamçınıza deyil, reklamçınıza çevrilsin.

 

İlin əvvəli bir şirkətimiz üçün MMC açanda başımıza gələnləri bəziləriniz xatırlayır yəqin. Mən də, Vaqif də status yazmışdıq bu barədə. Demək, bank hesabı üçün mühasibimizin məsləhəti ilə ofisimizə yaxın ərazidə yerləşən bir banka müraciət etdik. Sənədləri təqdim etdim, Qısası, 2 dəfə şəhadətnamə dublikatımız yandı (10 günlük müddəti keçdi), 3-cüsünü sifariş etdik. Təxminən 20 günə yaxın vaxt keçdi, ala bilmədik. Səbəb kimi, ilin əvvəli olduğunu, şirkətlərin əmək haqqını kartla ödənişə keçdiyinə görə kart sifarişlərinin artdığını və s. göstərdilər.

Təbii ki, onlarla işləməyəcəyimiz dəqiqləşdi. Ofisimizin yaxında (Səməd Vurğun bağı ilə üzbəüz) Azər Türk Bank’ın filialı var, getdim ora. Sənədləri təqdim etdim, 15 DƏQİQƏYƏ rekvizitləri hazır etdilər və məni yola saldılar. 15 DƏQİQƏ! 20 gün ərzində məni 5-6 dəfə get-gələ salan, hər dəfə bir variantla yola verməyə çalışan bank Facebook’da özünü tərifləsə nə olacaq?! Ya diqqət etməyəcəm, ya da girib şərh yazıb ürəyimi boşaldacam.

Digər tərəfdən Azər Türk Bank’ın xidməti (Xüsusən bizim MMC’yə xidmət edən Aygün xanımın fədakar işi :) ) məni qane edirsə, yuxarıdakı kimi paylaşımları qarşıma çıxanda “like” da edəcəm, üstəgəl, bloq yazımda misal çəkib reklam da edəcəm. Görürsünüz, sosial media hər şirkətə eyni imkan verdiyi kimi, işinizin keyfiyyətindən asılı olaraq sizə tam fərqli nəticələrlə geri qayıda bilir.

 

Əziz rəhbərlər, sahibkarlar, çalışın sosial mediada doğru, arxasında durduğunuz mesajlar verin. Sosial mediada düşük, səviyyəsiz məzmunla diqqət çəkməyə deyil, yaradıcı, keyfiyyətli işə önəm verin. Sosial media sizin ikinci mağazanızdır. Bəlkə sizin pizza salonuna istifadəçi heç vaxt getməyəcək, amma sizin sosial şəbəkələrdəki “salonlarınıza” hər gün baş çəkə bilirlər. Özünüzə dəyər verin ki, sizi real həyatda da, sosial mediada da dəyərli tanısınlar.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev