Sosial media fəaliyyətinə başlayarkən şirkətlərin etdiyi ilk səhv

Tək adamlıq “şirkət”lə 5 min işçisi olan nəhəng şirkətin bir ortaq cəhəti var: Sosial media kanallarından istifadə etmələri. Bu, zərurətdir və hər kəs bunu yaxşı anlayır. Amma problem ondadır ki, bunu düzgün etməyi bir çox hallarda bacarmırlar. Sosial media marketinqi ilə bağlı fəaliyyətin bir neçə addımları var, bunlardan birincisi fəaliyyətə başlama zamanı görülməli işlərdir. Burada bir çox şirkət səhvlərə yol verir ki, prosesin davamında onu düzəltmək ya mümkün olmur, ya da şirkətə baha-başa gəlir.

Bu yazıda sizə sosial media fəaliyyətinə başlayarkən şirkətlərin etdiyi ilk səhv barədə danışacağıq.

 

İstifadəçi adının (username) düzgün seçilməməsi

Sosial media fəaliyyətinə başlayarkən edilməli ilk iş domen və sosial mediada istifadəçi adlarının (username) eyni və ya şirkətin adına mümkün qədər uyğun olmasını təmin etməkdir. Məsələn, sizin şirkətinizin adı “Alma Brothers”dirsə, domeni almabrothers.az və ya almabrothers.com, sosial şəbəkələrdə istifadəçi adı Facebook.com/almabrothers, Instagram.com/almabrothers, Twitter.com/almabrothers və s. olmalıdır.

Deyək ki, hansısa sosial şəbəkələrdə həmin ad tutulub artıq, o zaman, məsələn, “Alma Brothers Baku” adını yoxlamaq lazımdır. Əgər bütün sosial şəbəkələr üçün həmin ad boşdursa, onu seçmək lazımdır.

Adətən bizim şirkətlərimiz bir sosial şəbəkədə ad seçib, fəaliyyətə başlayırlar. Deyək ki, Facebook’da Facebook.com/almaborthers seçdilər. Üç ay sonra Instagram hesabı açmağa qərar verirlər, baxırlar, o ad Instagramda tutulub, Instagram.com/almabrothers_baku adını seçib işə başlayırlar. Bir il sonra Twitter hesabı açırlar, həmin vaxt yeni SMM menecer olur ofisdə, öz zövqünə görə Twitter.com/brothers_baku adını seçir. Beləliklə də 3 müxtəlif sosial şəbəkədə 3 müxtəlif istifadəçi adı mövcud olur. Bu, qeyri-professional yanaşmadır.

 

Hətta siz indi bütün sosial şəbəkələrdə fəaliyyət göstərməyi planlaşdırmırsınızsa belə, ölkədə populyar olan bütün şəbəkələrdə istifadəçi adınızı qeydiyyata salın və özünüzdə saxlayın. Bir neçə ay/il sonra həmin platformada fəaliyyət göstərmək qərarı aldıqda o addan istifadə edə biləsiniz.

 

Problem ondadır ki, bu səhvi düzəltmək bəzən mümkün olmur. Birincisi, bəzi sosial şəbəkələr istifadəçi adını dəyişmə sayına limit qoyur. İkincisi, əgər sizin şirkətiniz artıq müəyyən səiyyədə tanınırsa, sosial media hesablarınız müxtəlif vebsaytlarda, bloqlarda, sosial şəbəkələrdə paylaşılıbsa, onu dəyişmək doğru deyil.

Çünki həmin vebsaytlarda, bloqlarlakı linklərə istifadəçilər klikləndiyi zaman sosial media hesabınız tapılmayacaq (Error 404 Not Found).

 

 

Şirkətin sosial media hesablarındakı bütün istifadəçi adları eyni (ən azından oxşar olmalıdır). Belə olduqda şirkət iki cəhətdən qazanır: 1) Müştərinin yadında rahat qalır, 2) imic olaraq yaxşı görünür.

 

İstifadəçi adlarının boş olub olmamasını avtomatik yoxlayan bir çox platformalar var. Namechk.com onlardan biridir. Çox rahat və yüzlərlə sosial şəbəkəni yoxlayan platformadır.

 

 

Sosial media fəaliyyətinə başlamaq qərarı verildikdə kompüter qarşısına keçib, Facebook-da səhifə açıb, paylaşım etməyə tələsməyin. Sosial media marketinqinin ilkin addımlarını həyata keçirin. Bunlardan birincisi istifadəçi adının düzgün seçilməsidir. Digər addımlar haqda növbəti yazılarda məlumat verəcəyik.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev