Sosial media fəaliyyəti zamanı şirkətlərin etdiyi ikinci səhv – Reklam büdcəsi

Ötən ay Orkhanrza.com'da "Sosial media fəaliyyətinə başlayarkən şirkətlərin etdiyi ilk səhv" haqqında yazmışdıq. Bu dəfə isə 2-ci və önəmli səhvlərdən biri, reklam büdcəsi ilə bağlı verilən qərarlar barədə danışacağıq.

 

Əksər sahibkarlar Facebook-un strateji dəyişimlərini diqqətə almadığına görə Facebook-la ilk dəfə necə tanış olubsa hazırda da Facebook-a o cür yanaşır. Bu isə həmin sahibkarın yanında çalışan SMM menecerə və ya sahibkarın partnyorluq etdiyi SMM agentliyə problem yaradır.

 

Mövzunu bir az da açaq. Facebook fəaliyyət göstərdiyi ilk illərdə çox "ürəyiaçıq" idi. Siz səhifənizə 10 min "like" toplamışdınızsa, sizin o səhifədəki hər paylaşımınız 5-7 min, bəzən 10-15 min insanın "Timeline"na (Ana Səhifəsinə) çıxırdı. Bir çox sahibkarlar da Facebook-u məhz belə tanıdı. Səhifəyə "like" yığ, sonra isə o bazadan istifadə et. Məntiqli və effektiv idi.

 

Lakin!

3 il öncə Zükerberq və komandası Facebook-da ciddi dəyişikliklər etdilər. Bu dəyişikliklər həm istifadəçilərin daha maraqlı paylaşımlarla qarşılaşmasını, həm də daha çox gəlir əldə etməyi hədəfləyirdi. Bunun nəticəsində Facebook təbii (reklamsız) görülmə (organic reach) faizini dəfələrlə azaltdı. İndi sizin 10 min "like" olan səhifəsindəki paylaşım 5-10 min yox, cəmi 300-500 adamın ana səhifəsində çıxacaq (Qeyd etdiyim rəqəmlər orta statistika göstəricilərdir, biznesin növündən (həmçinin paylaşımın keyfiyyətindən) asılı olaraq dəyişə bilir). Bununla da sizin səhifənizdəki onminlərlə, yüzminlərlə izləyicinin ciddi effektini görə bilmirsiniz. Hazırda 1-2 dollarlıq reklam nəticəsində çatdığınız auditoriya 10 min izləyicisi olan səhifənin çatdığı auditoriyadan daha çoxdur. 

Zükerberq bir neçə il öncə müsahibəsində demişdi ki, Facebook-u xeyriyyə məqsədilə qurmamışıq, bizneslər Facebook vasitəsilə pul qazanmaq istəyirsə, Facebook-a da pul xərcləməlidirlər.

 

Yazını əvvəlində ona görə dedim ki, sahibkarlar və SMM menecerlər və ya agentliklər arasında problemlər yaranır. Çünki sahibkar deyir ki, mən SMM menecerə şirkətin sosial media hesablarını idarə etməsi üçün  400-500 manat maaş verirəmsə əlavə olaraq Facebook-a niyə pul ödəməliyəm?! Cavabı yuxarıda qeyd etdiyim səbəbdir. SMM menecer nə qədər maraqlı, nə qədər düzgün məzmun yaratsa da, Facebook o məzmunun daha çox auditoriyaya çatmasının qarşısını alır. Səbəbi isə sadədir: İstəyir ki, pul xərcləyəsiniz.

 

Əziz sahibkarlar, bu gün Facebook çox effektiv reklam kanalıdır, bu kanaldan mütləq şəkildə istifadə edin. Amma effekt əldə etmək istəyirsinizsə bu qeyd edilənləri nəzərə alın. Mütləq sosial media üçün aylıq reklam büdcəsi ayırın və bunu davamlı edin. Xüsusən, əgər sosial mediada izləyiciniz 300-500-dürsə, reklamsız sosial media fəaliyyəti "öz-özünə danışmaq" kimidir, çünki paylaşımlarınızı, demək olar ki, heç kim görmür.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev