Sosial mediada necə paylaşım edək? Azsığorta nümunəsi

İlk dəfə “Muslera” posteri ilə diqqətimi çəkdilər. Davamında hər paylaşımları qarşıma çıxdıqca “Əhsən!” dedim və artıq onlara bloq yazısı həsr etmək qərarı verdim. Söhbət “Azsığorta” şirkətinin sosial media fəaliyyətindən gedir.

SMM haqda danışanda həmişə qeyd edirik ki, istifadəçi sosial şəbəkələrə vaxtını maraqlı keçirmək, yeni məlumatlar əldə etmək, ünsiyyət qurmaq, gülmək, əylənmək üçün daxil olur. Buna görə də şirkətlər sosial mediada elə fəaliyyət göstərməlidirlər ki, istifadəçilərin yuxarıda sadaladığımız gözləntilərini qarşılasınlar. Yalnız məhsulunu, xidmətin reklam edən paylaşımlar etsən səni izləmək heç kimə maraqlı olmayacaq.

Bunu gözəl şəkildə tətbiq edən brendlərdən biri “Azsığorta”dır. Nümunə üçün posterlər yerləşdirirəm, daha ətraflı baxmaq istəsəniz şirkətin Facebook səhifəsinə keçid edin.

 

Deməli, şirkət neyləyir – xidmətini reklam edir, amma bu xidməti hansısa maraqlı bir hadisə ilə, maraqlı bir xəbər ilə əlaqələndirir. Beləliklə, xəbər sənin diqqətini çəkir, paylaşımı oxumaqla həm xəbərdən məlumatlı olursan, həm də şirkətin belə bir xidməti olduğunu bilirsən. Paylaşdıqları posterin stili də fərqli (dairəvi) olduğu üçün zaman keçdikcə diqqəti cəlb edir.

Həmçinin, şirkət #həyatınişinibilməkolmaz adlı haştaqdan aktiv istifadə edir. Bəzən baş verən hadisələrə real-time paylaşımlar edir ki, bu haştaqla tam yerinə oturur (Məsələn, bir neçə gün öncə “Barselona” komandasının gözlənilmədiyi halda “PSJ”ni 6-1 hesabı ilə məğlub etməsindən sonra Messi’nin şəkli ilə #həyatınişinibilməkolmaz haştaqını paylaşmaq əla nümunə oldu).

 

Sosial media profilini aktiv saxlamaq üçün çoxlu paylaşımlar etmәk tam yanlışdır. Facebook’un hazırkı alqoritminә görә siz çox paylaşım etmәli deyilsiniz. Әksinә, az amma maraqlı, diqqәt cәlbedәcәk paylaşım etmәlisiniz. 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev