Sosial mediada reklam nə vaxt uğurlu olur?!

Bu gün Facebookda xoş bir statusla qarşılaşdım. Andrew’s Ties İtaliyan qalstuk brendinin Azərbaycan üzrə rəhbəri Yavər Məmmədov yaxın dostumuzdur, bir neçə gün öncə ofisimizə gəldi, Facebook-da həmin səhifə üçün 1 reklam kampaniyası yaratdıq. Bu gün Yavər bəy yaratdığımız reklam kampaniyasının nəticəsi ilə bağlı status yazıb, fikirlərini bölüşüb və mənə də təşəkkür edib. 

Yavər bəy kimi intelektual, mədəni, dəyərli bir insandan belə sözlər eşitmək əlbəttə ki, xoşdur. Ona görə qərara aldım ki, bu statusu bloq yazısı şəklində əbədiləşdirim. Həm də bloqda bu dəfə smm haqda fərqli nöqteyi-nəzərdən oxuyun :)


Yavər Məmmədov: Facebookda reklam vermək təcrübəmlə bağlı bir-neçə kəlmə:

Bildiyiniz kimi, Azərbaycanın ilk konseptual qalstuk dükanı olan Andrew’s Ties Baku İtaliya brendinin Azərbaycan təmsilçiliyidir və artıq 4-cü ildir ki fəaliyyət göstərir. Bu illər ərzində biznesimizin reklamı əsasən facebook və instaqram səhifələrində və bir qismi də TV-də müxtəlif formatlarda verilmişdir.

Dostluğumda olan marketinq mütəxəssislərinin yazılarını izləyirəm və çalışıram ki, hansısa bir faydalı məlumatı biznesim də tətbiq edim. Təəssüf olsun ki, onların əksəriyyəti qeyri-peşəkar formatda insanlara çatdırılır və ya ümumiyyətlə cəfəngiyyatdan ibarətdir.

Odur ki, öz bacarıqlarım çərçivəsində həm biznesimin səhifəsin idarə etməyə başladım və pis-yaxşı reklamları yerləşdirməyə qərar verdim. Hər dəfə yeni məqamlara rast gəldim, facebookdan müxtəlif mesajlar gəlirdi ki, bunu etsən daha yaxşı olar, bunu etsən büdcəyə qənaət edərsən və nə bilim daha nələr, nələr.

Bir dəfə dostum Orxanın səhifəsində onun facebook reklamı ilə bağlı maraqlı yazısını gördüm. Orxanla dostluğumuz artıq bir neçə ildir ki davam edir. Tədbirlərin birində o mənim müsabiqəmin qalibi olmuşdu və ona qalstuk hədiyyə etmişdim. Bu da bizim dostluğumuzun başlanğıcı oldu.

Qərara aldım ki, facebook reklamı verəndə bu dəfə Orxanla məsləhətləşim. Üz tutdum ofislərinə. Bir qəşşəng çay qonaqlığından sonra kompüteri açıb başladıq prosesə. Addım-addım hər bir məqamı dəqiqliklə, çox başa düşülən formada mənə izah etdi. Hər halda özüm də məntiqlə prosesə diqqət edirdim. Beləliklə reklamı verdik getdi.

Nəticə: həmin həftə üzrə satış orta illik satışdan 2 dəfədən də yüksək oldu. Yəni reklam təyinatı üzrə istiqamətləndi, hədəfə çatdı, daha az vəsait xərcləndi və s.

Buradan belə qənaətə gəldim ki, bizə sadə görünən işləri belə peşəkar və mütəxəssis məsləhəti olmadan görmək olmaz. Təşəkkürlər Orxan! Revizorun payından bir qalstuk məndən sənə hədiyyə 😂


 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev