Tələbəsinizsə bu 11 məsləhətə diqqət yetirin!

telebe 11 meslehet

Ali məktəbi bitirəndən sonra dəqiq əmin olduğum bir şey oldu ki, ali təhsil müddətində etməli olub, etmədiyim bir neçə önəmli məşğuliyyət olub. İllər keçdikcə həmin müddətdə nələr itirdiyimi daha yaxşı anlayıram. Amma özümü çox da qınaya bilmirəm, çünki o vaxt mənə bunları detallı başa salan olmamışdı. Bu il ali təhsilə başlayan (və ya öncəki illərdə ali məktəbə qəbul olmuş) minlərlə dostlarım eyni təəssüfü illər sonra yaşamasın deyə onlara tövsiyələr vermək istəyirəm. 2 il öncə bununla bağlı yazı yazmışdım.

Bu dəfə qərara gəldim ki, fikirlərimə iki ildə qazandığım təcrübəni də əlavə edib, yeni bir “məsləhətlər toplusu” dərc edim.  Beləliklə, əziz tələbə dostlar, illər sonra peşmançılıq çəkməmək üçün, gələcəkdə daha uğurlu şəxs ola bilmək üçün aşağıda qeyd etdiyim tövsiyələrə çalışın əməl edəsiniz.

 

1.  Gündəlik yaşam tərzinizi sistemli qurun!

Aşağıdakı bəndlərdə qeyd edilənlərə nail olmaq istəyirsinizsə, bu mövzuya diqqət etməlisiniz. İlk tədris günündən etibarən sistem qurun, səhər günəş doğmazdan öncə oyanın. Dərs və ya əlavə əbəbiyyat oxuyun, idmanla məşğul olun və ya hanısa görülməli işinizi həll edin. Axşam yatmaq vaxtını təyin edin. Doğrudur, xanımlar üçün türk seriallarına baxmaq, oğlanlar üçün isə Çempionlar Liqasının və ya Qarabağ və Qəbələ klublarının Avroliqa oyunlarına baxmaq önəmlidir, ancaq inanın, şəxsi inkişafa nail olmaq, gələcəkdə istədiyiniz həyatı qurmaq üçün serialı da, Çempionlar Liqasını da qurban verməyə hazır olmalısınız. İkinci növbə dərsə gedəcək olan tələbələrdən kimlərsə saat 11’dək yatmağı planlaşdırırsa, yazının burdan sonrakı hissəsini oxumasın. Çünki oxusa da ona bir faydası olmayacaq. Uğur qazanmaq üçün ilk növbədə gündəlik yaşamınızı tənzimləməlisiniz.

 

2. Günə bir saatlıq mütaliə ilə başlayın!

Səhər günəş doğmadan öncə oyandınız. Gününüzün ilk bir saatını mütaliəyə həsr edin. Və bu, müəllimin verdiyi ev tapşırığı olmasın. Mütəxəssislər qeyd edir ki, hər gün bir saatlıq mütaliə ilə günə başlamaq insana əlavə enerji verir, düşünmək qabiliyyətini gücləndirir, gün ərzində insanı pozitiv olmağa yönəldir.

 

3. Yeni dostlar qazanmaq üçün çalışın.

Həyatınımız bir çox anında tanışlıqlar, dostluqlar çatmaq istədiyimiz yerə daha tez, daha rahat çatmağımıza yardım edir. Hansısa işə qəbul olunanda, hansısa layihə həyata keçirəndə, hansısa bir iş quranda, həmçinin şəxsi həyatınızda atdığınız addımlarda, xoş və ya bəd gününüzdə dostlarınız sizə çox kömək olur. Ona görə də tələbəlik vaxtından etibarən yeni dostlar qazanmağa çalışın, çevrənizi mümkün qədər böyüdün, elə edin ki, bir neçə il sonra “əliniz hər yerə girsin”.

 

4. İngilis dilini elə öyrənin ki…

İngilis dili – xarici dil… yox, düşünürəm ki, indiki dövrdə ingilis dilin xarici dil adlandırmaq doğru deyil bəlkə. Xarici dil ispan, alman, yapon, portuqal dillərdir. İngilis dilini bu dillərlə eyni səviyyədə tutmaq doğru olmaz. Bu dili ana dili kimi öyrənməyə çalışın. Hansı ixtisasa sahib olursunuz olun, hansı istiqamətdə karyeranızı qurursunuz qurun, ingilis dilini mükəmməl öyrənin. Çünki zaman bunu tələb edir, “Uğur” adlanan malikanənin qapılarından birinin açarı “ingilis dili”dir. Tələbə olduğunuz dövrdə bunu hiss edəcəksiniz, amma tələbəlik həyatı bitdikdən sonra bunun nə qədər əhəmiyyətli olduğunu daha çox  anlayacaqsınız. Odur ki, vaxt itirmədən elə indi ingilis dili səviyyənizi artırmağa başlayın.

 

5. Startapçı ruhunuz olsun

Hansı tələbəyə “Gələcəkdə neyləmək istəyərsən?” deyə sual versəniz çox kiçik arzulardan tutmuş, çox böyük xəyallara qədər sizə onlarla ideya/plan saya bilərlər. Amma bu ideyaların, planların 99%i arzu olaraq qalır. Onun o cür qalmasının əsas səbəblərindən biri də ona doğru insanların ümumiyyətlə addım atmamasıdır. Dostlar, dövr dəyişir, şərait dəyişir. 10 il öncə alınması qeyri-mümkün hesab etdiyimiz şeyylərin indi alınması daha rahatdır. Hansısa uşaqlıq xəyalınız varsa, hansısa çox istədiyiniz arzunuz varsa onun ardınca gedin. Bir neçə il öncə Instagramda bir səhifə açıb, xırda-xuruş şeylər satmağa başlayan, indi isə şəhərin mərkəzində bir neçə mağazaya sahib olan insanlar var. Əvvəllər belə hadisələri ancaq xarici müəlliflərin misallarında görürdüksə, indi bunlar Azərbaycanda baş verir.

 

6. Seminarlara, konfranslara qatılın!

Tələbəlik zamanı ən yaxşı vaxt sərf edəcəyiniz yerlərdən biri də seminarlara, konfranslara, treyninqlərə qatılmaqdır. İl ərzində onlarla belə tədbir keçirilir. Çalışın ki, ixtisasınızla, gələcək peşənizlə əlaqədar olan belə tədbirlərdən heç birini qaçırmayasınız. Bu kimi tədbirlərdə eşitdikləriniz, gördükləriniz özünüzü inkişaf etdirmək üçün əvəzsiz rola malikdir. Siz bu tədbirlərdə yeni bilgilər əldə etməklə yanşı yeni dostlar, gələcək üçün yeni partnyorlar, iş ortaqları və s. da qazanacaqsınız.

 

7. İctimai Birliklərə, gənclər təşkilatlarına qoşulun / Özünüz yaradın!

Hazırda ölkədə yüzlərlə gənclər təşkilatları, İctimai Birliklər fəaliyyət göstərir. O cümlədən ali məktəblərin də özünün gənclər təşkilatları mövcuddur. Təhsilə başladığınız ilk günlərdən belə təşkilatlarla maraqlanın, fəaliyyətini, təşkil etdikləri tədbirləri bəyəndiyiniz birliklərə, təşkilatlara üzv olun, keçirdikləri tədbirlərə qatılın, təşkilatçılığında iştirak edin. Bu, sizin şəxsi inkişafınıza önəmli təsir edəcək. Hətta beynininzdə olan, sizə maraqlı gələn, lakin həmin sahə üzrə məşğul olan təşkilat tapa bilmirsinizsə, həmin təşkilatı özünüz yaradın. Bundan çəkinməyin. Uğursuz olacağından, qeyri-peşəkar olacağından və s. qorxmayın. Heç kim doğulandan təşkilatçılıq, liderlik qabiliyyətinə malik olmur. İlk addımı atın!

 

8. Özünüzə, gələcəyinizə yatırım edin!

Əvvəllər iş tapa bilməyən insanlar (həmçinin tələbələr) eyni şeyi deyirdi ki, yaxşı iş tapmaq üçün gərək “day-day” olsun, tanışın olsun və ya pulun olsun, biliyə, savada baxan yoxdu (Bəli, əvvəllər belə hallarla tez-tez rastlaşmaq olurdu, yəni deyilən arqument o qədər də yanlış deyildi). Amma indi – bugünkü gündə o tip işədüzəlmə çox az həddə qalıb. İndi sən öz biliyənə, bacarığına güvənirsənsə yaxşı iş tapa bilərsən. Lakin onu əldə etmək üçün həqiqətən də o yerə layiq olduğunu göstərməlisən. Bunun üçün isə təhsil müddətində (və ümumiyyətlə təhsildən sonrakı dövrdə də) şəxsi inkişaf üçün vəsait xərcləyin. Yuxarıda qeyd etdiyim kimi, pul verib, seminarlara, təlimlərə qatılın, mütəmadi olaraq kitablar alıb, oxuyun, audio, video dərslər alın və s. Qısacası, özünüzə, gələcəyinizə yatırım edin!

 

9. Sağlamlığınıza diqqət edin!

Təhsil müddətində tələbələrin (xüsusən regionlardan Bakıya gələn tələbələrin) qarşılaşdıqları problem qidalanmaqla bağlı olur. “Fast-Food”larda qarnınızı doyurub, dərsə getməyin. Həftədə bir-iki dəfə tələbə yoldaşlarla, dostlarla şəhərdə oturub, nəisə yemək, içmək olar. Amma gündəlik qidalanmağınızı dönərə, fast-food’lardakı qidalara etibar etsəniz sağlamlığınızla bağlı ciddi problemlərlə qarşılaşa bilərsiniz.

 

10. iPhone yox, xaricə səfər!

Bəzi tələbə dostlar iPhone7 çıxan günü artıq onu almağın planlarını qurub çox güman ki. Əziz dostlar, məndən sizə tövsiyə – 1500 – 2000 manatı smartfona vermək əvəzinə xarici ölkəyə səfər edin. Xarici ölkəyə gedən insanın düşüncəsində, baxış bucağında, beyninin işləmə prosesində mütləq şəkildə fərqlilik, inkişaf yaranır. Xarici dövlətin/şirkətlərin istifadə etdiyi texnologyalardan tutmuş insanlarını hadisələrə yanşma tərzinə, davranış tərzinə qədər həddən çox yeni şey görürsünüz. Bu da insanın inkişafı üçün əlavə təkan olur.

Atanız sizə maşın almaq istəyirsə, maşından imtina edin, o pula xaricdə təhsil alın. Xaricdəki tədbirlərə qatılın. İmkanlarınızı daha faydalı şeylərə xərcləyin.

 

11. Valideynlərinizə “Uf” belə, deməyin!

Tələbəlik həyatına başlayan gənclərin bәzilәrindә ailə problemləri yaranır, bəzə isə bu, ailədaxili böyük narahatçılıqlara səbəb olur. Əlbəttə ki, tələbəlik həyatına başladıqdan sonra siz daha rahat, daha sərbərt olmalısınız, valideyn nəzarəti üzərinizdə əvvəlkindən qat-qat az olmalıdır, özünüz sərbəst qərarlar verməlisiniz. Amma valideynlər buna icazə verməyəcəklər. Daima sizin işlərinizə qarışacaq, sizə yol göstərəcək, nəyi edib, nəyi etməməyi başa salacaqlar. Zəmanə dəyişir, texnologiya inkişaf edir, valideynlərimizin önəmli bildiyi bəzi şeylər indiki dövrdə əhəmiyətini itirib və ya onlara təhlükəli, yaxud lazımsız görünən bir çox şeylər artıq dəyişib. Və təbii olaraq, bəzi şeyləri siz öz düşündüyünüz kimi etməlisiniz və elə də edin. Ancaq burda bir şeyi unutmayın ki, qarşınızdakı sizin valideynlərinizdir, onlar yalnız sizin yaxşılığınızı düşünür və yaxşı olduğunu zənn etdikləri üçün sizə o şeyləri məsləhət görürlər. Əgər yanlış düşünürlərsə, bunu onlara anlayışla, səbrlə, sevgiylə başa salmalısınız. Valideynlə münsibətlərə çox diqqət edin.

 

Tələbəlik həyatı insan həyatının çox bərəkətli dövrüdür. Gələcəkdə arzuladığınız xoşbəxt, ideal həyatı qurmaq üçün məhz indidən başlamalısınız, əzmkarlıqla, sistemli və səbrli fəaliyyətlə tələbəlik illərindən maksimum yararlanmalısınız. Bu 4-5 il həyatınızda bir daha əlinizə düşməyəcək olan, əlverişli bir dövrdür. Odur ki, fəaliyyətə keçin! Uğurlar!

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev