Uber Bakıda 2 yaşını qeyd edir – 200 dəfədən çox Uber sifarişində gördüklərim

Düz 2 il öncə, 2015-ci ilin 23 aprel tarixində bloqumda yeni yazı dərc etmişdim. Dünyada populyar olan, demək olar hər gün haqqında texnologiya və biznes portallarında xəbər gördüyümüz bir “startap”ın Bakıda fəaliyyətə başlaması, təbii ki, maraqlı idi. Elə o bloq yazımda da qeyd etmişdim ki, Uberin bazara daxil olması Bakıda taksi fəaliyyətində rəqabətin artmasına təsir edəcək. Dəqiq deyə bilmərəm, son iki ildə Bakıdakı “taksi bumu”nun yaşanmasına Uberin təsiri nə qədər oldu, amma onu bilirəm ki, elə təkcə “Ulduz-4rəqəmli” nömrə alan taksi şirkətlərinin sayı 30-dan çoxdur hazırda.

Uber fəaliyyətə başladığı gündən bu xidmədən istifadə edirəm. Uber’i ilk baxışdan cəlbedici edən, mənə görə, bir neçə səbəb var:

  • Lüks maşınların çoxluq təşkil etməsi (Bir dəfə qapıya Range-Rover də gəlmişdi, özü də UberX sifarişində. Sürücüyə sual verdim ki, qardaş, belə pis çıxmasın, Range Rover’lə Uber’də işləmək sərf edir ki? 🙂 Dedi, şükür, pis deyil).
  • Avtomobillərin üzərində “Taxi” sözü olmaması (Uber ümumiyyətlə taksi xidməti vermir, şəxsi sürücü xidməti verir).
  • Ödənişin nağdsız həyata keçirilməsi (Beləliklə də, sürücü ilə pulun qalığı-qəpik mövzusunun açılmaması)
  • Əksər xarici ölkələrdə olarkən başının sakit olması (Hansı şəhərdə taksi xidməti necə işləyir deyə özünə dərd etmirsən, Uber sifariş edirsən, sistem eynilə Bakıdakı kimi işləyir. Pulu da Bakıda sistemə əlavə etdiyin kartdan çıxır.)
  • Sifariş etidiyin avtomobilin harda olmasını, yolda olarkən əni hansı yollarla apardığını mobil tətbiqdən real-time izləmə imkanı,
  • Mənzil başına çatdıqda sürücü haqda, çıxılan vəsait haqda məlumatımn və getdiyin yolun xəritəsinin e-mailinə gəlməsi və s.

İki il öncə Bakıda fəaliyyətə başlayarkən Uber nağdsız ödənişlərlə Bakıda da uğurlu olacağını düşünürdü, amma bir müddət sonra insanlarımızın hələ online ödəniş (daha dəqiq, kart məlumatlarının internetdə hansısa platformaya əlavə etmə) vərdişinin çox olmadığını görüb, nağd ödənişləri də aktivləşdirdi. İndi siz bank kartınız olmasa belə, Uber proqramını yükləyib, sifariş edib, ödənişi də nağd şəkildə edə bilirsiniz.

İki il öncə təxminən dünyanın 300 şəhərində fəaliyyət göstərən Uber bu gün 570 şəhərdə fəaliyyətdədir (Mənbə: Uber.com/Cities). Dəyəri 70 milyard dollardan çox qiymətləndirilir. Buna səbəb odur ki, şirkət dayanmaq bilmir konkret. Bir müddət öncə mobil tətbiqini yenilədi, daha xoşagələn etdi. Əvvəllər siz gedəcəyiniz yeri seçəndə, öncədən sizə, məsələn, 4-6 azn göstərirdi, indi isə 4.79 azn göstərir. Və bir incə məqamı deyim ki, gərə sürücü 3-5 dəqiqə sizi yolda gözləsə, ya bir az uzun yoldan sürsə qiymət dəyişmir, 4.79 azn olaraq qalır.

+BONUS – Uber’dən daha ucuz istiafə etmək üçün məsləhət: 

Uber günün pik saatlarına görə qiyməti dəyişdirir. Məsələn, normalda 6 azn-ə getdiyin yer üçün bəzən 8, 10, 15 azn təklif edir. Elə olduqda tələsməyin, 5, maksimum 10 dəqiqə gözləyin, qiymət 2 dəfədən də çox enir adətən 🙂

2 ildir, bu xidmətdən istifadə edirəm. Son aylarda istifadə etmədiyim gün, demək olar ki, yoxdur. Həm rahatlığı, həm qiymətinin sərfəli olması, hәm dә sürücülәrin әksәriyyәtinin intelektual, mәdәni olması bu xidmәtin sadiq istifadәçisi olmağıma әsas sәbәbdir.

Bundan sonra Uber nә yeniliklәr edәcәk, maraqlıdır. Əsas istəyim, sürücülərin və avtomobillərin keyfiyyətini saxlasın, biz də sadiq istifadəçi olmağa davam edək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.