WikiBayram: Vikipediyamızı zənginləşdirməyə sən də qoşul!

Vikipediya illərdir istifadə etdiyim, çox rahat və zəngin platformadır. Günü bu gün də hansısa məlumat lazım olanda ilk müraciət etdiyim yer Vikipediyadır. Məsələn, dünən “İnter” və “Zirə” klublarımızın Avroliqada növbəti mərhələyə keçdiyi dəqiqləşəndə “İnter”in rəqibi “Fola” və “Zirə”nin rəqibi “Astra” ilə tanış olmaq üçün Vikipediya səhifələrinə müraciət etdim. Çünki orada qısa, səliqəli və ətraflı məlumat tapmaq olur.

 

Amma təəssüf ki, Azərbaycan dilində o qədər də çox məlumat tapa bilmirik. Hətta öyrənəndə ki, aylıq aktiv (ən azı ayda bir dəfəVikipediyaya nə isə yerləşdirən) istifadəçimiz 700-dür, təəccübləndim. 10 milyonluq əhalisi olan ölkədə 700 nəfərin Vikipediyaya məlumat yerləşdirməsi çox kiçik rəqəmdir.

 

Bildiyiniz kimi Vikipediya (http://az.wikipedia.org/) açıq ensiklopediyadır və istənilən şəxs Vikipediyaya məqalələr yaza bilər, mövcud məqalələri redaktə edə bilər, şəkillər yükləyə bilər və digər üsullarla onun zənginləşməsinə yardım edə bilər. Əslində istənilən növ məqalə, hətta yarımçıq məqalələr belə vikipediya üçün keçərlidir.

 

Vikipediyamızı zənginləşdirmək üçün dostlar “event” yaradıblar. Məqsəd 8-9 iyul tarixlərində bütün dünyada azərbaycanlılarının həmrəy olaraq vikipediyamıza töhvə verməsidir. Aramızda elə biri tapılmaz ki, vikipediyaya cüzi də olsa kömək edə bilməsin. İstənilən mövzuda – öz ixtisasınıza aid hər hansı bir mövzu, xobbinizə aid, xoşladığınız məşğuliyyət, istənilən məşhur şəxslər barədə və s. istənilən mövzuda vikipediyada məqalələr yarada bilərsiniz.

Odur ki, qeyd olunan tarixlərdə aktivlik edib, Vikipediyaya azı bir məqalə yerləşdirək. Əgər bunu etməyə imkanınız çatmasa bu yazını və ya “eventi” paylaşmaqla dəstək ola bilərsiniz!


İştirak qaydaları:
1. 8 və ya 9 İyul tarixində (şənbə və bazar günü) istənilən məkanda dostlarınız və ya yaxınlarınızla öz kompüterinizlə vikipediyanın Azərbaycan dilində olan versiyasına ən azı bir məqalə yerləşdirin və ya mövcud məqaləni redaktə edin. Yaxud bildiyiniz xarici dillərdə olan versiyasına Azərbaycanda olan istənilən bir şey barədə (şəhərlərimiz, adət-ənənələrimiz, tarixi abidələr və s. ) məqalə yazın.

2. Üzərində işlədiyiniz məqalənin URL ünvanını və #WikiBayram və#vikipediya həşteqi ilə birgə Twitter və ya Facebookda paylaşın.

Tədbir zamanı şəkillər də paylaşa bilərsiniz (ya tədbir səhifəsində ya da yuxarıdakı həşteqdən istifadə etməklə öz səhifənizdə).

 

Tədbirin linki:  WikiBayram: Vikipediyamızı Zənginləşdirək

Məqalə yaratmaq üçün videodakı təlimatdan istifadə edə bilərsiniz:

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev