Dostlar həyatımızı necə rahatlaşdırır? Documood və Mobil Notariat Tətbiqi barədə

Online xidmətlər təqdim edən platformalar sürətli şəkildə həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Və sevindirici hal budur ki, artıq bu platformalar siyahısında təkcə xarici platformalar, tətbiqlər yox, keyfiyyətli yerli platformalar da var.

2 il öncə ABŞ-da olarkən Mediamark bir müqavilə bağlamalı idi, daha sonra isə notarial qaydada təsdiqlənməli idi. Xəbər verdim ki, 25 gün sonra ölkəyə qayıdacam, müqaviləni bağlayıb gedərik Notariusa, həll edərik. 25 gün iş qaldı ortada, mən ölkədə deyiləm deyə.

Bu gün isə mən Nyu Yorkda oturaraq, Documood vasitəsilə 3-4 kliklə müqavilə bağlaya bilirəm, Mobil Notariat tətbiqi vasitəsilə isə bir çox notariat xidmətlərindən istifadə edə bilirəm. Nyu York-da. 3-4 kliklə. Azərbaycandakı hüquqi işlərimi həll edirəm.


Documood

Bu platforma dostumuz Səbuhi Kazımzadənin startapıdır, müqavilələrin və sənədlərin online, 3-4 kliklə imzalanmasını təmin edir və bu müqavilələr Azərbaycan Qanunvericiliyi ilə tam qanuni qüvvəyə malikdir. İdeyası iki il öncə yaranıb, bu ilin “zerkalnı” günlərindən birində, 22.02.22 tarixində Park Inn oteldə rəsmi təqdimat mərasimi baş tutmuşdu, mən də iştirak etmişdim.

Artıq 2 minə yaxın biznes subyekti bu platformadan qeydiyyatdan keçib və istifadə edir. Documood müqavilə və ya sənəd imzalamağa sərf olunan vaxtı və xərci minimuma endirir. Platformanı test etmək üçün BURADAN daxil ola bilərsiniz.


Mobil Notariat Tətbiqi

Bu tətbiq isə dostumuz Rüfət Babakişiyevin komandası tərəfindən hazırlanan növbəti keyfiyyətli platformadır. Ümumiyyətlə Crocusoft, mənə görə, ölkədə ən keyfiyyətli IT həllər verən şirkətlərin önündə gəlir. Məlumat üçün deyim ki, Eleven Kings oyununun ilk android və iOS tətbiqlərini də Crocusoft hazırlayıb. Hətta oyunun ölkə xaricindəki ilk təqdimatı üçün Crocusoft komandası ilə birgə Avropaya səfər etmişdik.

Mobil Notariat tətbiqi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanıb və istifadəyə verilib. Siz tətbiq vasitəsilə notariat ofislərinə yaxınlaşmadan, günün istənilən vaxtı, dünyanın istənilən nöqtəsində onlayn formada bir başqa şəxsə etibarnamə, ərizə təqdim edə və ya bir çox notariat xidmətlərindən yararlana bilərsiniz. Tətbiqi test etmək üçün iOS və ya Android versiyasını yükləyə bilərsiniz.

Yəni iki il qabaq ölkə xaricində olanda ciddi problemə çevrilən bir neçə mövzunu bu gün 1 dəqiqədə online şəkildə həll etmək olur. Üstəgəl, bu platformalardan yararlanmaq üçün xaricdə olmağa gərək yoxdur. Notariusda işini həll eləmək üçün qarşı tərəfə zəng vurub, “Qardaş neçədə işdən çıxa bilirsən? Hansı Notariusa gedək ki, ikimizə də rahat olsun? Nə vaxt çıxaq ki, tıxaca düşməyək?” kimi problem yoxdur artıq. Online şəkildə 1-2 dəqiqədə hər şey hazırdır. Və ya müqavilə bağlamaq üçün möhür alıb, kağız alıb müqaviləni hazırlayıb, kuryer çağırıb qarşı tərəfə göndərib, onun imzalamasını, kuryerlə yenidən sənə göndərməsini gözləməyə, bu qədər vaxt və vəsait xərcləməyə ehtiyac yoxdur. Yenə 1-2 dəqiqədə online şəkildə işini həll edə bilirsən.

Ölkəmizdə belə gözəl işlər də görülür və bizə düşən bu cür platformalardan istifadə edib, öz işimizi həll etməklə yanaşı, bu insanlara, bu platformalara dəstək olmaq, böyüməsinə, inkişaf etməsinə yardımçı olmaqdır. Etməsək, platformalar işləməsə, yenə ABŞ-dan qayıtmağı gözləyəcəyik və ya tıxacda, qaçaqaçda Notarius axtaracağıq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.