
Meta Connect 2022 – 11 Oktyabr tarixində Meta şirkətinin (Facebook) təşkil etdiyi online tədbirdir. İldə bir dəfə baş tutan bu tədbirdə Zükerberq və onun komandası şirkətin VR (Virtual Reallıq) və AR (Artırılmış Reallıq) texnologiyası ilə bağlı ən son yeniliklərini təqdim edirlər. Dünənki tədbir də kifayət qədər maraqlı oldu. Qısaca olaraq Zükerberq bizi inandırmağa çalışdı ki, gələcəyi inşa edirlər və bu yeniliklər hər birimizə lazım olacaq, hər birimizin işini asanlaşdıracaq yeniliklər olacaq.

Gəlin görək təqdim olunan yeniliklər nələrdir:
“Meta Quest Pro” VR eynəyi

VR eynək bazarında iddialı olan Meta 2020-ci ildə satışa çıxardığı “Quest 2” eynəyinin artıq 15 milyon satıldığını bildirmişdi (Mənbə: IDC). “Quest Pro” öncəki məhsullarla müqayisədə daha innovativdir, istifadəçiyə daha keyfiyyətli təcrübə yaşadır. Yeni eynəyin lensi Quest 2 ilə müqayisədə 40% daha nazikdir, 37% daha çox pikselə malikdir, 75% daha çox kontrast, aydın və canlı görünmə təmin edir.
Bu eynəkdə ilk dəfə olaraq Meta şirkəti Snapdragon XR2+ prosessoru istifadə edib ki, bu da eynəyin daha yaxşı performansa sahib olmasına şərait yaradır.

Yeni eynəklə bağlı, bəlkə də, yeganə narazılıq onun qiyməti oldu. Zükerberq məhsulun 1499 dollara satışa çıxacağını elan etdi. Halbuki, öncəki məhsul “Quest 2” 299 dollardan başlayırdı. Bu qiymətə satışın hansı səviyyədə olacağı, bu eynəyin hansı hədəf kütləyə yönləndirildiyi hələ ki, sual altındadır.
Meta və Microsoft əməkdaşlığı
Tədbirdə diqqətçəkən məqamlardan biri Microsoft ilə işbirliyi oldu. Belə ki, Metanın dəstəyilə VR texnologiyası Microsoft Teams-ə inteqrasiya ediləcək və Horizon Workrooms teams-ə əlavə ediləcək. Meta həmçinin Zoom, Accenture kimi şirkətlərlə də sıx əməkdaşlığa başladığını elan etdi.
Bəzi ekspertlər bu əməkdaşlıqları əsas gətirərək qiyməti baha olan “Quest Pro”nun daha çox korporativ müştəri bazarına fokuslandığını ehtimal edir.

Sadəcə smartfonla yaradılan super-realistik avatar
VR texnologiyası və Metaverse platformalarında istifadə olunan avatarlar “kukla”, “oyuncaq” görünüşüdə olduğu üçün bu avatarlarla ünsiyyətin effektiv, canlı, real olmayacağı bilinirdi. Lakin tədbirdə təqdim olunan texnologiya ilə çox güman ki, bir müddət sonra hər kəsə əlçatan olacaq bu yeniliklə sadəcə bir neçə saniyyə smartfonumuzla super-realistik avatar yarada biləcəyik.
İş və yaradıclıq üçün yeni imkanlar
Həm yeni VR eynək, həm də avatar texnologiyasında xeyli yenilik təqdim edən Meta iş prosesini və yaradıcı faəliyyəti görünməmiş yeni səviyyəyə daşımağa cəhd edir. Aşağıdakı videonu 1 dəqiqə izləmək kifayətdir ki, yaradıcılıq və iş mühitində bizi nələrin gözlədiyini görə bilək.
Hazırda Meta şirkəti VR, AR texnologiyaları, Metaverse ilə bağlı gələcəyi qurmağa ən iddialı şirkətlərdən biridir. “Virtual dünyaların” həyatımıza girəcəyinə əmin olan Zükerberq Facebook, Instagram, Whatsapp kimi “Veb 2” platformarında ilişib qalmamağı, “Veb 3” adlandırılan Metaverse, virtual reallıq texnologiyalarını inkişaf etdirməyi və bu trenddə də liderlərdən olmağı hədəfləyib.
Metaverse, VR eynəklər həyatımıza nə dərəcədə daxil olacaq, həyatımızın ayrılmaz bir hissəsinə çevriləcəkmi, bu haqda xeyli fərqli fikirlər mövcuddur. Həyatımızın böyük hissəsinin virtuallaşması psixoloji və fizioloji problemlər gətirəcəkmi, bu da başqa bir müzakirəli mövzudur. Amma reallıq odur ki, nəhəng texnologiya şirkətləri durmadan bu istiqamətdə çalışır və cəmi 5 il sonra biz bu gün ağlımıza gəlməyən yerlərdə ola bilərik. Hazırlaşmaq lazımdır 🙂

