Şəxsi və karyera inkişafı haqda düşünənlər üçün – YAZI

Xaricə ilk səfərimiz 12 il öncə olsa da, 2015’ci ilin bu günü – 31 avqust mütəmadi səfərlərimizin başlanğıc günüdür. Tukez 15 ölkədə, mən isə 32 ölkə, 100 fərqli şəhərdə olmuşam.

Çox səfər etmək faydalıdırmı? Həddən çox faydalıdır! İnformasiya kirliliyi bol olan bu dövrdə xüsusən! Beynini dincəltmək üçün, yeni şeylər kəşf etmək üçün, yeni insanlar tanımaq üçün, öyrənmək üçün, işləmək üçün. Faydalıdır!

Tukəz işi ilə bağlı Almaniyada, Türkiyədə, Bolqarıstanda təlimlər alıb, konfranslarda iştirak edib. Hazırda isə “FC Barcelona Sport Nutrition” ixtisası üzrə distant təhsil alır.

Məni də bilirsiniz, dünyanın dörd bir tərəfini Bakı-Sumqayıt yoluna döndərmişəm😀

Və nə vaxtsa “artıq pulumuz var, səyahət edək” versiyası olmayıb. Bəzən, bir ildə əziyyətlə toplanan pulu bir həftəlik səfərə xərcləmişik. Çünki bunun özümüzə yatırım olduğunu düşünmüşük və buna görə pul xərcləməyə dəydiyinə əmin olmuşuq. Zaman keçib, qərarlarımızın necə doğru və faydalı olduğunun şahidi olmuşuq. Gördüyümüz işlərdə əldə etdiyimiz müsbət nəticələrdə səyahətlərimizin də mütləq rolu var.

Dünya indi daha kiçikdir, yəni bir çox nöqtələrə rahat əlçatan təyyarə reysləri var, Google Map kimi möhtəşəm yardımçı var. İmkan edib səfərlər etmək lazımdır, övladlarımıza bu vərdişi aşılamaq lazımdır. Övlad mövzusu xüsusən önəmlidir. Bir çoxlarımızın həyatı elə gətirib ki, xarici ölkələrə səyahət etməyə çox da rahat şərait olmayıb, şərait olanda pul olmayıb, pul olanda səfərə xərc çəkməyin faydalı olacağını düşünməmişik və s. Amma övladlarımıza indidən bu haqda vizyon, təsəvvür, dünyagörüşü aşılaya bilərik. Qoy onlar əlinə 1000 manat düşəndə əlindəki telefonu dəyişməyi yox, hansısa ölkəyə səfər edib, 3 günlük bir konfransa qatılmağı planlaşdırsın.

Gəzmək, öyrənmək, inkişaf etmək lazımdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.